...

Konstitusiya Məhkəməsində Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti ilə görüş keçirilib

Gündəm Materials 30 Aprel 2024 15:08 (UTC +04:00)
Konstitusiya Məhkəməsində Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti ilə görüş keçirilib

Bakı. Trend:

Ölkəmizdə səfərdə olan Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) sədri Muharrem Kılıçın başçılıq etdiyi nümayəndə heyəti ilə aprelin 30-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində görüş keçirilib.

Görüşdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarının xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirildiyini qeyd edib.

Sədr vurğulayıb ki, iki qardaş dövlət arasındakı münasibətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri uğurlu siyasət nəticəsində daim inkişaf edir. Ölkələrimiz arasında qardaşlıq sarsılmazdır. Böyük geosiyasi və iqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlib. Yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan münasibətlər daim güclənir.

Qeyd olunub ki, iki ölkə arasında hüquqi əməkdaşlıq uğurla inkişaf edir. Bu əməkdaşlığa, o cümlədən məhkəmələr də töhfə verir. Məhkəmə təcrübəsinin öyrənilməsi və aktual hüquqi məsələlər ətrafında fikir mübadiləsinin aparılması məhkəmə-hüquq təsisatlarının praktiki fəaliyyəti üçün çox önəmlidir.

Sədr Fərhad Abdullayev, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı arasında insan hüquqlarının təmin edilməsi sahəsində işbirliyi haqqında məlumatı qonağın diqqətinə çatdırıb.

Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıç qonaqpərvərliyə görə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə minnətdarlığını ifadə edib. Bildirib ki, ölkələrimiz arasında bütün sahələrdə olan sıx əməkdaşlıq, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu arasında da qarşılıqlı dəstək və anlaşma əsasında uğurla inkişaf edir.

Görüşdə geniş fikir mübadiləsi aparılıb, hüquqi məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti