...

Meyit qalıqlarının aşkarlanması və fərdiləşdirilməsi üsulları açıqlandı

Cəmiyyət Materials 30 Aprel 2024 12:34 (UTC +04:00)
Meyit qalıqlarının aşkarlanması və fərdiləşdirilməsi üsulları açıqlandı
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Kütləvi məzarlıqlardakı meyit qalıqlarının aşkar edilməsi və fərdiləşdirilməsini qruplaşdırsaq, bir neçə istiqamətin olduğunu görərik.

Trend xəbər verir ki, bunu Baş prokurorluğun kriminalistika şöbəsinin rəisi Orxan Rzayev bu gün keçirilən brifinqdə deyib.

“Belə ki, ilkin olaraq bildirmək istərdim ki, Azərbaycan Respublikasının müxtəlif yerlərində dəfn edilmiş naməlum şəhid məzarlarından genetik nümunlərin götürülməsi və eyniləşdirməsi nəticəsində şəxsiyyətlərin müəyyən edilməsi həyata keçirilib.

Digər istiqamət isə şahid ifadələri əsasında cinayət işinin materiallarında olan məlumatların yoxlanılmasıdır. Bu halda şahidlərin ifadələri əsasında meyitlərin badırıldığı ehtimal edilən yer müəyyən edilməklə əraziyə baxış keçirilir və insan qalıqları aşkar edildiyi halda məhkəmə-tibbi Kriminalistik və məhkəmə-genetik ekspertizaları təyin edilməklə şəxsiyyətləri dəqiqləşdirilir. Buna misal olaraq Kəlbəcər rayonu Başlıbel kəndi ərazisində 12 nəfər şəxsə məxsus insan qalıqlarının aşkar edilməsini göstərə bilərik.

Başqa bir istiqamət olaraq bildirmək olar ki, İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa quruculuq işləri zamanı insan qalıqlarının aşkar edilməsi. Bilindiyi kimi, hazırda işğaldan azad edilmiş ərazilərdə surətli və keyfiyyətli şəkildə bərpa quruculuq işləri davam etdirilir və yolların, kommunikasiya xətlərinin çəkilməsi zamanı qazıntı işləri aparılır.

Bu zaman isə insan qalıqları aşkar edilir və dərhal Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası əməkdaşlarından ibarət qrup hadisə yerinə dərhal ezam olunmaqla işlərin keyfiyyətli şəkildə həyata keçirilməsini təmin edirlər. Buna misal olaraq Xocalı rayonu ərazisində 2024-cü ilin fevral, mart və aprel aylarında kütləvi məzarlıqların aşkar edilməsini misal göstərmək olar”, - o qeyd edib.

Onun sözlərinə görə, daha bir istiqamət Azərbaycan Respublikasının əməliyyət orqanlarının əldə etdiyi məlumatlar əsasında kütləvi məzarlıqların yerinin müəyyən edilməsidir:

"Əməliyyat orqanları tərəfindən təqdim edilmiş məlumatlar əsasında koordinatlar müəyyən edilməklə əraziyə baxış keçirilir".

Xatırladaq ki, Xocalı şəhəri ərazisində qazıntılar zamanı kütləvi məzarlıqda 21 nəfərin, daha sonra isə Xocalı rayonunun Malıbəyli kəndində 8 nəfərin qalıqları aşkar olunub. Ümumilikdə isə bu günə qədər Xocalıda qalıqları tapılan 29 nəfərdən 9 nəfərin kimliyi müəyyən edilmişdi.

Xəbər lenti

Xəbər lenti