...

ICD bir sıra Özbəkistan bankları ilə sazişlər imzalayıb

Maliyyə Materials 30 Aprel 2024 17:03 (UTC +04:00)
ICD bir sıra Özbəkistan bankları ilə sazişlər imzalayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Ər-Riyad. Trend:

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) Özbəkistanda özəl sektorun inkişafına dəstək üçün ölkənin bir sıra bankları ilə sazişlər imzalayıb.

Trend xəbər verir ki, imzalanma mərasimi Ər-Riyadda İslam İnkişaf Bankı Qrupunun (İİB) illik müşavirələri çərçivəsində baş tutub.

Sazişlərə aşağıdakılar daxildir: "TrustBank" ilə Özbəkistanda özəl sektor təşkilatlarının meyarlarına cavab verən maliyyələşdirmə üzrə bankın səylərinə dəstək üçün 10 milyon ABŞ dolları dəyərində maliyyələşdirmə xətti üzrə Anlaşma Memorandumu, "Orient Finans Bank" (OFB) ilə ICD-nin təmin etdiyi əvvəlki analoji mexanizmlərin uğurlu icrasını nəzərə almaqla, əlavə maliyyələşdirmə xəttinin təqdim olunması imkanlarının öyrənilməsinə dair Anlaşma Memorandumu.

Bundan başqa, ICD həmçinin Özbəkistanın lizinq təşkilatı olan "Asia Alliance Bank" ilə iki digər Anlaşma Memorandumu imzalayıb ki, bu da ICD-nin Özbəkistanda iqtisadi artıma və Özbəkistan banklarının fəaliyyətinin genişləndirilməsi və yaxşılaşdırılması üçün bu qədər vacib olan maliyyə və dəstəyin təqdim olunmasına daimi sadiqliyini vurğulayır.

ICD həmçinin "Taiba Finance" ənənəvi maliyyə şirkətinin Özbəkistanda ilk islam bankına çevrilməsi imkanını araşdırmaq məqsədilə ölkədəki "Anorbank" ilə Anlaşma Memorandumu imzalayıb.

Bu əməkdaşlıq Özbəkistanda maliyyə əlçatanlığına yardım yolunda mühüm addımı əks etdirir.

Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (Səudiyyə Ərəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizin Əl Səudun kral himayəsi ilə İslam İnkişaf Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyi keçirilir.

2024-cü ildə keçirilən görüşlərin mövzusu "Keçmişə dəyər verərək, gələcəyin planlaşdırılması: orijinallıq, həmrəylik və tərəqqi"dir. Bu görüşlər Bankın üzv ölkələrdə sosial-iqtisadi inkişafı təşviq etmək üzrə fəaliyyətinin 50 illiyini əks etdirir.

Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrinin iştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsi planlaşdırılır.

Qrupun illik görüşlərinin və Cənub-Cənub əməkdaşlığının aparıcı çoxtərəfli inkişaf bankı olan İİB-in qızıl yubileyinin beynəlxalq və regional diqqəti cəlb edəcəyi gözlənilir. İllik görüşlər hökumət, beynəlxalq və regional təşkilatlar, özəl sektor, elm və vətəndaş cəmiyyətinin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə bir sıra əlavə tədbirləri əhatə edir.

Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma və maliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyə institutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin, milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq və regional təşkilatların, QHT-lərin nümayəndələri, ticarət və sənaye palataları və biznes şuralarının nümayəndələri iştirak edirlər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti