...

Politoloq: Ermənistanın siyasi, iqtisadi və digər müstəvilərdə məğlubiyyəti Azərbaycanın qələbəsi kimi dəyərləndirilə bilər

Nəzər nöqtəsi Materials 9 Dekabr 2018 16:56 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Ermənistanın siyasi, iqtisadi və digər müstəvilərdə məğlubiyyəti Azərbaycanın qələbəsi kimi dəyərləndirilə bilər. Bunu Trend-ə politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin dəvəti əsasında iştirak etdiyi 6 dekabr tarixində Sankt-Peterburqda keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısı kimi görüşlərdə Birlik çərçivəsində il ərzində görülən işlər barədə geniş fikir mübadiləsi aparılır və gələcək fəaliyyət istiqamətləri ətraflı müzakirə olunur: "Tədbir çərçivəsində Prezident İlham Əliyevin Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla da söhbəti olub. Söhbət əsnasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələrin aparılması isə əsla münaqişənin dondurulması və ya qəbuledilməz olan status-kvonun saxlanması anlamına gəlməməlidir. Azərbaycanın qəti mövqeyi ondan ibarətdir ki, işğala əsaslanan status-kvo tezliklə dəyişdirilməlidir".

E.Mirbəşiroğlu qeyd edib ki, söhbət çərçivəsində Ermənistan və Azərbaycan arasında saxlanılan şəxslərin qarşılıqlı şəkildə dəyişdirilməsi məsələsi də müzakirə olunub: "Prezident İlham Əliyev Azərbaycanın bu məsələdə mövqeyini vurğulayaraq bildirib ki, "hamının-hamıya" prinsipi əsasında dəyişdirmə tam olmalı və o cümlədən, Dilqəm Əsgərov və Şahbaz Quliyev onların arasında yer almalıdır. Humanist xarakter daşıyan bu kimi addımlar danışıqlar prosesinə müsbət təsir göstərə bilər. ATƏT-in Minsk qrupunun həmsədrləri də bu mövqeyi dəstəkləyir və ona görə də Ermənistan tərəfi bunu nəzərə almalıdır".

Dövlətimizin başçısının Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün böyük səylər göstərdiyini və bu məsələni daim diqqətdə saxladığını nəzərə çatdıran politoloq onu da əlavə edib ki, Avrasiya İqtisadi İttifaqının Sankt-Peterburqda keçirilmiş iclasında da Ermənistan təcrid durumuna düşüb.

Növbəti baş katibin Belarusdan olacağını vurğulayan E.Mirbəşiroğlu bildirib ki, Ermənistanın baş naziri vəzifəsini icra edən N.Paşinyanın rəyi nəzərə alınmadan üzv dövlətlər tərəfindən bu barədə qərar qəbul olunacaq: "Ermənistanın baş katib vəzifəsini özlərində saxlamaqla bağlı bütün səyləri iflasa uğrayıb. Bu, ümumilikdə Ermənistanın siyasəti və diplomatiyasının növbəti məğlubiyyətidir. Heç kimə sirr deyil ki, yeni baş katibin təyinatı məsələsini Prezident İlham Əliyev Ermənistan istisna olmaqla, KTMT-yə üzv olan bütün ölkələrin dövlət başçıları ilə bu və ya digər formada müzakirə edib. Sözsüz ki, işğalçı dövlət olaraq, Ermənistanın çoxsaylı xarakter daşıyan hər bir siyasi, diplomatik, iqtisadi və digər müstəvilərdə olan məğlubiyyəti Azərbaycanın qələbəsi kimi dəyərləndirilə bilər. Çünki bu məğlubiyyətlərin şərtləndirilməsində Azərbaycanın rolu kifayət qədər böyükdür. Nəticə etibarilə Ermənistanın tamhüquqlu üzv olduğu KTMT-də növbəti dəfə alçaldıcı məğlubiyyəti bu sıradan olan nümunələrdən biridir".

O deyib ki, Prezident İlham Əliyev bəziləri kimi deklarativ deyil, dərin strateji düşüncə və praqmatik baxışlar əsasında yüksək məharətlə və müdrikliklə strateji diplomatiya adlandırılan siyasət yürütmək iqtidarında olan şəxsiyyətdir: "Bu strateji diplomatiya ölkəmizin qələbəsini təmin edir, milli maraqlarımızın qorunmasına, ölkəmizin beynəlxalq münasibətlərdə mövqeyinin və rolunun gücləndirilməsinə xidmət edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti