...

Norveç vəkilləri İsralin sabiq baş nazirini məhkəməyə vermək niyyətindədir

Dünya xəbərləri Materials 22 Aprel 2009 15:47 (UTC +04:00)

Altı Norveç vəkili İsrailin sabiq baş naziri Ehud Olmert, sabiq xarici işlər naziri Sipi Livni və müdafiə naziri Ehud Barakı Qəzza Zolağında aparılan müharibə zamanı törədilən hərbi cinayətlərdə ittiham edərək Oslo məhkəməsinə vermək niyyətindədirlər. Bu barədə İsrailin "Jerusalem Post" qəzeti məlumat verib.

Norveç hüquqşünasları İsrail ordusu baş qərargahının rəisi Qabi Aşkenazi, HHM-in komandanı İdo Nehoştan və digər hərbçilər barədə şikayət edəcəklər.

Norveçin Cinayət Məcəlləsinə əsasən, yerli məhkəmə hərbi cinayətlər və insanlığa qarşı cinayətlərə, hətta onlar Norveç ərazisində törədilməsə və krallıq vətəndaşlarına aid olmasa belə, baxmaq hüququna malikdir. İddia mülki əhaliyə qarşı qanunsuz silahlardan - fosfor mərmilərindən istifadə, xüsusi və ictimai əmlakın dağıdılması, "təcili yardım" maşınlarına atəş açılma və xəstəxanaların bombalanması ittihamı üzrə altı Norveç vəkili tərəfindən irəli sürüləcək.

İsrail ötən il dekabrın 27-də İsrail şəhərlərinin davamlı raket atəşlərinə məruz qalmasına cavab olaraq Fələstinin HƏMAS qruplaşmasının üzvlərinə qarşı Qəzzada hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar 22 gün davam edib, nəticədə 1300-dən artıq fələstinli həlak olub, təqribən 5000 nəfər yaralanıb.

İsrail hərbçilərinin məlumatına görə, öldürülənlərdən 800-ü terrorçu olub.

"Jerusalem Post" qəzetinin məlumatına görə, altı vəkildən biri Qarald Stabel hesab edir ki, "indi heç bir tədbir görülməsə, belə hücumlar gələcəkdə təkrarlana bilər".

Lakin İsrailin Oslodakı səfirliyi hələ ki, bu vəziyyəti şərh etmir.

2002-ci ildə terrorçuların lideri Salah Şxadenin öldürülməsi epizodu ilə bağlı İsrail məmurlarına qarşı belə bir ittihamı 2009-cu ilin yanvar ayında İspaniya məhkəməsi qəbul etmişdi.

Xəbər lenti

Xəbər lenti