...

Çexiya daha dörd nüvə reaktoru inşa etmək niyyətindədir

Dünya xəbərləri Materials 7 Fevral 2024 05:42 (UTC +04:00)
Çexiya daha dörd nüvə reaktoru inşa etmək niyyətindədir

Bakı. Trend:

Çexiya hökumətinin başçısı Petr Fiala daha dörd nüvə reaktorunun inşası planını elan edib. Onun sözlərinə görə, vahid paket çərçivəsində dörd blokun inşası iqtisadi cəhətdən daha sərfəli olardı və cəmi bir blokun inşasında olduğundan 25 faiz ucuz başa gələrdi.

Trend xəbər verir ki, Çexiyada aparılan sorğuların nəticələrinə görə, atom elektrik stansiyalarını dəstəkləyən vətəndaşların sayı təxminən 80 faizdir. Bu, Avropa İttifaqında ən yüksək göstəricidir. Ölkənin müxalifəti də nüvə energetikasının genişləndirilməsini dəstəkləyir və hesab edir ki, atom enerjisinin bərpa olunan energetika mənbələri ilə əvəz ediləcəyini düşünənlər sadəlövh insanlardır.

Çexiyada 2050-ci ilədək elektrik enerjisi istehlakının xeyli artacağı (üçdə iki səviyyəsində) gözlənilir. Yeni nüvə reaktorları həm kifayət qədər əlçatan enerji təchizatını təmin etməli, həm də iqlim məqsədlərinə nail olunmasına töhfə verməlidir.

Amma Çexiyada nüvə reaktorlarının inşasının maliyyə məsələləri ilə bağlı tənqidi fikirlər də səslənir. Belə ki, bu ölkənin hökuməti bir neçə il əvvəl reaktorun inşası məqsədilə büdcəyə 6,5 milyard avro vəsait daxil edib. Lakin ekspertlər hesab edirlər ki, maliyyələşdirmə 20 milyard avroya başa gələcək.

Hazırda Çexiyada atom elektrik stansiyalarının altı bloku mövcuddur. Onlar iki məkanda – Avstriyanın yaxınlığındakı Dukovanada və Almaniyanın Bavariya əyalətinə yaxın məsafədə yerləşən Temelində yerləşir. Yeni reaktorlar da bu iki məkanda inşa ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti