...

İqlim maliyyələşdirməsi əlçatan olmalıdır - Samir Şərifov

İqtisadiyyat Materials 2 May 2024 18:11 (UTC +04:00)
İqlim maliyyələşdirməsi əlçatan olmalıdır - Samir Şərifov
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

İqlim maliyyələşdirməsi əlçatan olmalıdır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Rerspublikasının maliyyə naziri Samir Şərifov Tbilisidə keçirilən "Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) regionunda ekoloji cəhətdən daha təmiz əlavə dəyər zəncirlərinin maliyyələşdirilməsi" mövzusunda panel müzakirəsində çıxışında deyib.

"Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək ölkədir. Bu, iqlim tədbirləri üzrə səyləri səfərbər etməyin vacibliyini göstərir. Bu, bütün dünyada həyata keçirilən səylər üçün çox vacibdir. Konfrans Bakıda olacaq və maliyyə məsələlərinə fokuslanacaq", - deyə nazir bildirib.

S.Şərifov qeyd edib ki, Paris Sazişini imzalayan bütün ölkələr nəticələrin əldə edilməsinin əhəmiyyətinə dair ümumi anlayışa malikdir.

"Qoyulan hədəflərə çatmaq üçün hərəkət etməliyik və maliyyə vəsaitinə ehtiyacımız var. Qlobal maliyyələşdirmə haqqında düşünməli və bu istiqamətdə tərəfdaşların səylərini əlaqələndirməliyik. Bu maliyyəlləşdirmə qiymət baxımından əlçatan olmalıdır. Maliyyə resursları əlçatan olmalıdır. Biz bu vəsaitlərin yenidən bölüşdürülməsindən, onları iqlim layihələrinə yönəltməkdən bəhs edirik. Beynəlxalq inkişaf bankları bu prosesdə böyük rol oynayır. Lakin iri səhmdarların dəstəyi olmadan bu mümkün olmayacaq", - nazir deyib.

O, maliyyələşdirmənin dəyərinin çox yüksək olduğunu qeyd edib.

"İqlim maliyyələşdirməsi üçün borc götürmək üçün heç bir stimul görmürük", - deyə o əlavə edib.

Qeyd edək ki, mayın 2-5-də keçiriləcək 57-ci illik toplantının mövzusu “Gələcəyə Körpü”dür.

İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq. Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu, ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİB prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcə də, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxış edəcəklər.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti