...

ADA Universitetində 12-ci Karyera sərgisi keçirilib (FOTO)

Cəmiyyət Materials 2 May 2024 17:46 (UTC +04:00)
ADA Universitetində 12-ci Karyera sərgisi keçirilib (FOTO)
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 2-də ADA Universitetində 12-ci Karyera sərgisi keçirilib.

Trend xəbər verir ki, ”İstedadlarla karyera yolları arasında körpü” devizi altında keçirilən Karyera sərgisində 137 qurum təmsil olunub. ABB-nin tərəfdaşlığı və ADA Universiteti Fondunun dəstəyilə keçirilən sərgi zamanı aprelin 16-dan etibarən fəaliyyətə başlayan Karyera hazırlığı həftəsinə də yekun vurulub.

ADA Universitetinin dövlət, xarici və tələbə işləri üzrə prorektoru Fariz İsmayılzadə Karyera sərgisinin tələbələrə verdiyi imkanlardan bəhs edib və builki sərgidə rekord sayda şirkətin iştirak etdiyini bildirib.

Universitetin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov Karyera sərgisinin həm kəmiyyət, həm də keyfiyyət baxımından çox yol qət etdiyini diqqətə çatdırıb və ADA Universiteti ilə işəgötürənlər arasında iş imkanları ilə bağlı müxtəlif mexanizmlərin mövcud olduğunu vurğulayıb.

ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev ABB ilə ADA Universiteti arasında son 4 ildə davam edən əməkdaşlığın universitet-özəl sektor əlaqələrinin uğurlu nümunələrindən biri olduğunu ifadə edib. O əlavə edib ki, bu əlaqələr gələcəkdə də tələbələrin sosial layihələrinin sayının artmasına və onların akademik inkişafına töhfə verəcək.

ABB-nin İnsan Resursları üzrə departamentinin direktoru Məlahət Abdullayeva bildirib ki, ABB bir çox yerli universitetlərlə əməkdaşlıq edir və ADA Universiteti bu siyahıda ilk sıralarda yer alır. Buna səbəb isə ADA Universiteti tələbələrinin təhsil baxımından fərqlənməsidir. Təsadüfi deyil ki, artıq ADA Universitetinin 50 məzunu ABB-də fəaliyyət göstərir.

Sərgi zamanı “Böyük dördlük”dəki şirkətlərin (“Big four companies”) Azərbaycan nümayəndəliyinin, Energetika, Ədliyyə, İqtisadiyyat və Daxili İşlər nazirliklərinin, PAŞA Holdinq və onun törəmə şirkətlərinin, eləcə də bank, turizm, kommunikasiya sahəsində tanınmış şirkət və holdinqlərin, beynəlxalq təşkilatların təmsilçiləri sərgi iştirakçılarına öz fəaliyyət istiqamətləri və karyera imkanları barədə ətraflı məlumat veriblər.

Karyera sərgisi ADA Universitetinin tələbə və məzunları üçün potensial işəgötürənlərlə tanış olmaq, tərcümeyi-halını birbaşa onlara təqdim etmək və yerindəcə müsahibələrdə iştirak etmək fürsəti yaradıb.

Əlavə edək ki, bu gün bağlanış mərasimi keçirilən Karyera hazırlığı həftəsində şirkətlərin təşkil etdiyi xüsusi seçimdən keçən 5 tələbənin adı açıqlanıb və onlara həmin şirkətlərdə təcrübə imkanı təqdim edilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti