Bakı. Trend:
İsrail Ordusunun sözçüsü Daniel Haqari "Hizbullah"ın İsraillə atəşkəs razılaşmasını pozmasına cavab olaraq hərbçilərin atəş açacağı barədə xəbərdarlıq edib.
Trend-in məlumatına görə, bu barədə "The Times of Israel" qəzeti xəbər verib.
"İsrail Müdafiə Ordusunun missiyası sazişin icrasını təmin etməkdir. Ordu qərarlıdır və istənilən pozuntuya cavab olaraq atəş açılacaq", - deyə D.Haqari bildirib.
O qeyd edib ki, müqavilə şərtlərinə görə İsrail ordusunun birlikləri hələlik Livanda qalır, hərbçilər növbəti 60 gün ərzində mərhələli şəkildə geri çəkiləcək.
Onun sözlərinə görə, Livanın cənubundakı ərazilərdən biri livanlı mülki əhali üçün bağlıdır, İsrail hərbçiləri oradadır və Hərbi Hava Qüvvələrinin təyyarələri kəşfiyyat uçuşları davam etdirir. Bu ərazidə aşkarlanan silahlılar saxlanılacaq və ya məhv ediləcək.