Bakı. Trend:
Bakıda Azərbaycan-Latviya informasiya və şəbəkə görüşü keçirilib.
Trend xəbər verir ki, Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya gğrüşdə bildirib ki, Latviya Qarabağın inkişafına böyük nikbinliklə yanaşır.
"Qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında münasibətləri yüksək qiymətləndiririk. Bu əlaqələr tarixi köklərə əsaslanır: bizim uzunmüddətli ənənələrimiz və zəngin tariximiz var. Hər iki ölkənin iş adamları və biznes icmaları qarşılıqlı əməkdaşlığa, əlaqələrimizin genişləndirilməsinə və dərinləşdirilməsinə çalışırlar.
Siyasi müstəvidə isə biz həmişə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəklədiyimizi vurğulayırıq.
Ölkənin, regionların, eləcə də, sürətlə inkişaf edən Qarabağın gələcəyinə böyük nikbinliklə baxırıq. Əminəm ki, Qarabağ respublikanın ən gözəl regionlarından birinə çevriləcək", — deyə səfir qeyd edib.
Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib ki, Azərbaycanda xarici və yerli investorlar üçün etibarlı və müasir infrastruktur yaradılıb.
"Ölkəmizdə sənaye zonaları, azad iqtisadi zonalar və sənaye parkları fəaliyyət göstərir. Qeyd etmək istərdim ki, Qarabağ regionu və azad olunmuş ərazilər 10 illik vergi və gömrük güzəştləri kimi əlavə üstünlüklər təqdim edir ki, bu da, şübhəsiz, şirkətlər üçün maraqlıdır.
Biz xarici və yerli investorlar, həmçinin, qeyri-neft sektoruna aid ixracatçılar üçün "vahid pəncərə" prinsipi əsasında işləyirik", — deyə o vurğulayıb.
O qeyd edib ki, Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) gələn il Latviyaya ixrac missiyası təşkil edəcək.
"Keçən ilin sentyabrında nümayəndəmiz Riqada keçirilən 28-ci qida məhsulları sərgisində iştirak etdi. Əvvəllər biz artıq şirkətlərimizi dəstəkləmək məqsədilə ixrac missiyası təşkil etmişik.
Gələn il bu sərgidə yenidən iştirak etməyi və Riqada keçirilən “Riga Food” sərgisində beynəlxalq mövcudluğumuzu gücləndirmək üçün daha bir missiya təşkil etməyi planlaşdırırıq.
Əminəm ki, bizim şirkətlər bu əhəmiyyətli tədbirdə məmnuniyyətlə iştirak edəcəklər", — deyə Yusif Abdullayev vurğulayıb.
Latviya Ticarət və Sənaye Palatasının Avropa İttifaqı layihələri departamentinin direktoru Liqa Siçeva qeyd edib ki, Latviya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməyə marağı təxminən 30 faiz artıb.
"Bu göstərici təkcə maraq göstərən şirkətləri deyil, artıq Azərbaycanla biznes fəaliyyəti həyata keçirən şirkətləri də əhatə edir. Bu, hər iki ölkənin şirkətləri üçün mühüm siqnal olmaqla yanaşı, əla nəticədir.
Xüsusilə yüksək əlavə dəyərli sektorlar — informasiya texnologiyaları, təhsil və yaşıl texnologiyalar sahələrində əməkdaşlığımızı genişləndirmək üçün böyük potensialın mövcud olduğunu göstərir.
Bununla yanaşı, qida sənayesi, turizm və digər ənənəvi sahələrin əhəmiyyətini də vurğulamaq istəyirəm", — deyə Liqa Siçeva qeyd edib.
O bildirib ki, “LEF Network Azerbaijan” layihəsi Azərbaycanda İKT, yaşıl texnologiyalar, təhsil, interyer dizaynı və ticarət əlaqələrinin inkişafı üçün məhsullar kimi dörd sektoru dəstəkləyir.
"Biz çox şadıq ki, Latviya Ticarət və Sənaye Palatası “LEF Network Azerbaijan” layihəsində əsas aparıcı tərəfdaş rolunu oynayır. Layihə hazırda aralıq mərhələdədir, lakin 2025-ci il layihənin başa çatdırılması üçün son tarix olacaq.
Ümid edirik ki, bu, layihənin sonu deyil, ölkələrimiz arasında biznesi inkişaf etdirmək istəyən şirkətlər üçün gözəl bir başlanğıc olacaq. Bu kontekstdə biz KOBİA və AZPROMO ilə əməkdaşlığa açığıq və gələcəkdə layihə başa çatdıqdan sonra biznesi dəstəkləmək və milli bazarlara çıxışı təmin etmək məqsədilə təşkilatlarımız arasında Əməkdaşlıq Memorandumlarının imzalanmasına hazırıq", — deyə Liqa Siçeva vurğulayıb.