Bakı. Trend:
Gəncə şəhərində Ekoloji Park Kompleksi ilə bağlı növbəti mərhələdə işlər həyata keçiriləcək.
Trend-in dövlət satınalamalarının vahid internet portalından əldə etdiyi məlumata görə, bununla bağlı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi hazırlıqlara başlayıb.
Belə ki, şəhərin Əli Məmmədov küçəsində yerləşən Ekoloji Park Kompleksi və onun ətrafında növbəti mərhələli abadlıq işləri aparılacaq.
Qurum sözügedən işlərin icrasının 6.240.530,30 AZN-ə (6 milyon 240 min 530 manat) başa gələcəyini ehtimal edir.
Qeyd edək ki, Qərb bölgəsində ilk dəfə Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisinə və onun ətrafında abadlıq işlərinə 2021-ci ilin dekabrında başlanılıb. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əhatə edir.