Bakı. Trend:
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (UNAOC) noyabrın 25-27-si Portuqaliyanın Kaşkayş şəhərində keçirilən X Qlobal Forumu ilə bağlı bəyanat yayıb.
Trend-in məlumatına görə, mətndə Türkiyənin 2005-ci ildən başlayaraq UNAOC-ın təşkilatçılarından olduğu və builki toplantıda XİN başçısı Hakan Fidanın iştirak etdiyi deyilir.
Bəyanatda bildirilib ki, forumun yekununda qəbul edilən Kaşkayş Bəyannaməsində fərqli mədəniyyətlər arasındakı dialoq və əlaqənin sülh içində birgə yaşamağa verdiyi töhfə vurğulanıb, irqçilik, ksenofobiya kimi hər cür ayrı-seçkiliklə mübarizəni davam etdirməklə bağlı qərarı qəbul olunub.
Bəyannamədə zorakılıq həddinə çatan ayrı-seçkiliyin heç bir din, milliyyət, mədəniyyət və ya etnik qrupla əlaqələndirilməsinin qəbul edilməyəcəyi vurğulanıb.
Mətndə Türkiyənin başda islamofobiya olmaqla hər cür ayrı-seçkiliklə qlobal səviyyədə mübarizə aparmağa və Sivilizasiyalar Alyansını dəstəkləməyə davam edəcəyi qeyd olunub.