Bakı. Trend:
Almaniyanın Saksoniya-Anhalt əyalətinin paytaxtı Maqdeburqda dekabrın 20-də baş verən qanlı hadisə nəticəsində xəsarət alan 70 nəfər hələ də şəhərin universitet xəstəxanasında müalicə olunur.
Trend "Tagesschau"ya istinadla xəbər verir ki, zərərçəkənlərin həyati təhlükəsi yoxdur. Hadisədən sonra xəstəxanaya yerləşdirilən 72 nəfərdən 15-nin vəziyyəti əvvəlcə ağır idi, lakin bir həftə ərzində onların durumu sabitləşib.
Xatırladaq ki, dekabrın 20-də əslən Səudiyyə Ərəbistanından olan 50 yaşlı Taleb al-Abdelmohsen BMW X3 markalı avtomobili ilə Maqdeburq Milad bazarındakı izdihama hücum edib. Hücum zamanı avtomobil yarmarkada 400 metr məsafədə hərəkət edərək qarşısına çıxan insanları vurub. Hadisə nəticəsində 5 nəfər, o cümlədən dörd qadın və bir uşaq həlak olub, 230 nəfər yaralanıb.
Saksoniya-Anhalt əyalətinin Daxili İşlər Nazirliyi təhlükəsizlik tədbirlərində nöqsanların olması ehtimalını araşdırır. Nazirlik bildirib ki, hadisə zamanı Milad bazarının mühafizəsi üçün nəzərdə tutulan polis avtomobilinin təyin edilmiş yerdə olmadığı barədə məlumatlar doğrudur. Bu məsələ ilə bağlı şəhər polisinə qarşı ittihamlar irəli sürülüb. Araşdırmanın nəticələrinə əsasən bütün suallara aydınlıq gətiriləcək.