Bakı. Trend:
Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri Həma şəhəri və ətraf ərazilərdə keçmiş prezident Bəşər Əsəd rejiminin tərəfdarlarına qarşı genişmiqyaslı əməliyyat həyata keçirib.
Trend xəbər verir ki, "Al Watan" qəzetinin məlumatına görə, əməliyyat nəticəsində silahlı qrupların qərargahı və polis patrullarına hücumlar üçün istifadə edilən bir neçə mövqe nəzarətə götürülüb.
Lokal hakimiyyətin bəyanatında vurğulanır ki, "bu silahlı qruplar şəhərdə sabitliyi pozmaq, vətəndaşları qorxutmaq, təxribat və müxtəlif cinayətlər törətməklə məşğul olublar."
Əməliyyatdan əvvəl Dəməşqdəki Hərbi Əməliyyatlar Departamenti keçmiş rejimə bağlı silahlı elementlərin zərərsizləşdirilməsi məqsədilə Homs əyalətinə əlavə qüvvələr göndərmişdi. Bu tədbirlər Suriya keçid hökumətinin ölkə daxilində sabitliyi bərpa etmək səylərinin bir hissəsidir.