...

Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ və Ermənistan erməniləri arasındakı qarşılıqlı nifrət bundan sonra da belə ağ yalanların mənbəyi olacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Noyabr 2014 12:31 (UTC +04:00)
Ermənistanda vertolyotun vurulması ilə bağlı ajiotaj yaratmalarına baxmayaraq, reallığı gizlətməyə daha çox resurs sərf olunur.
Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ və Ermənistan erməniləri arasındakı qarşılıqlı nifrət bundan sonra da belə ağ yalanların mənbəyi olacaq

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Ermənistanda vertolyotun vurulması ilə bağlı ajiotaj yaratmalarına baxmayaraq, reallığı gizlətməyə daha çox resurs sərf olunur. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, Dağlıq Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasındakı qarşılıqlı nifrət kontekstində informasiya müharibələrində "Dünya səviyyəli parlaq əməliyyat", "Məharətli əməliyyat"lar ermənilər üçün məcburi tədbirlərdir:

"Amma "Dünya səviyyəli parlaq əməliyyat"ı kimin - "DQR"müdafiə ordusunun xüsusi təyinatlıları" yoxsa, Məlik-Şahnazaryanların keçirdiyini başa düşmək olmur. "Qəhrəmanların" və meyitlərin təntənəli qarşılanma mərasimi nədənsə keçirilmədi. Erməni tərəfinin yaydığı məlumatlar adamın yadına məşhur "İtalyansayağı bank oğurluğu" cizgi filmini salır. Belə məlumatlar həm də dilənçilik mövsümü başladığı üçün ermənilərə vacibdir. Uğursuzluğa düçar olan ermənilərə diaspor erməniləri pul verməyəcək. Ermənistan Prezidenti Serj Sarkisyan vertolyotun mürəkkəb vəziyyətə düşdüyünə görə təmas xəttinə yaxınlaşdığını bildirir. Başqa sözlə, S.Sarkisyan Ermənistan hərbi vertolyotunun Ağdam rayonu ərazisinə şüurlu surətdə daxil olmasını təsdiq etmir. Hərbi təlimlər Ermənistan ordusunun hərbi-texniki vəziyyətinin, döyüş qabiliyyətinin aşağı olduğunu göstərdi. Bəlli oldu ki, Ermənistan ordusu nizam-intizama tabe olmayan bandit toplantısıdır".

M.Əhmədoğlu vurğulayıb ki, 12 vertolyotdan ibarət bu eskadrilyon Ermənistana məxsusdur: "Vertolyotda ölən zabitlərin hamısı Ermənistan vətəndaşlarıdır. Ermənistana məxsus hərbi vertolyotun Ağdam ərazisinə gəlməsi hərbi əmrin yerinə yetirilməsi deyilsə, erməni ordusundakı anarxiyanın göstəricisidir. Hər halda S.Sarkisyan vertolyotun Azərbaycan ərazisinə daxil olmasına əmr vermiş şəxsi cəzalandırmalıdır".

Politoloqun sözlərinə görə, Ermənistan XİN-in mövqeyi də maraqlıdır:

"Azərbaycanı yalnız atəşkəs rejimini pozmaqda ittiham etdi. XİN-in bu mövqeyi Ermənistanın ictimaiyyətindəki mövcud ab-hava ilə uyuşmur. Ermənistan müdafiə naziri Seyran Ohanyanın davranışı isə S.Sarkisyanın və E.Nalbandyanın davranışından fərqlidir. Vertolyotun vurulmasına görə Azərbaycanı bir neçə dəfə hədələdi. İşğal olunmuş Azərbaycan ərazilərindəki hərbi təlimləri NATO-nun rəhbərlərindən olan Aleksandr Verşbou və Filip Bridlav ilə məsləhətləşdikdən sonra başlayan S.Ohanyan bu təlimləri Yerevanda "NATO həftəsi" fonunda davam etdirdi. Azərbaycan ərazisində vertolyotun məhv edilməsini isə ABŞ-ın Ermənistandakı səfiri ilə müzakirə etdi. ABŞ və NATO-ya arxalanaraq,vertolyotun vurulduğu ərazini özünün (Ermənistanın) ərazisi adlandırır. Zabitlərinincəsədlərini Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişmə variantını inkar edir, cəsədləri hərbi yolla qaytaracağını bildirir".

M.Əhmədoğlu vurğulayıb ki, ATƏT Minsk qrupu 12 noyabrdan 19 noyabradək bu hadisə ilə bağlı 2 dəfə münasibət bildirdi:

"Hər iki bəyanatda vertolyotun vurulmasının əsas səbəbi göstərilmədi. Ermənistana məxsus hərbi vertolyotun hansı razılaşma və ya hansı beynəlxalq hüquq prinsipi əsasında Azərbaycan ərazisinə daxil olması bildirilmir. Narahatlıq yalnız vertolyotun məhv edilməsinə görə bildirilir. Hər-halda ATƏT vasitəçiləri bir daha təsdiqlədilər ki, tənzimləmə prosesindən kənarda qalmaq istəyirlər. Vasitəçilər Ermənistanın işğalçılıq syasətinin qarşılıqlı tamamlayıcısı rolunu ədalətli münsif rolundan üstün tutdular".

Politoloqun fikrincə, erməni zabitlərinin cəsədlərinin götürülməsi Ermənistan üçün hədsiz vacibdir:

"Bu təkcə ordunun qürurunun qorunması ilə əlaqəli deyil. Ermənistan əhalisinin Qarabağ klanından bezib. 3 Ermənistan hərbçisinin Qarabağda öldürülməsi Ermənistanda əhali arasında antiqarabağ əhval-ruhiyyəsini qızışdırmağa başlayır. Erməni zabitlərinin cəsədlərinin götürülüb- götürülməsi ab-havanı müəyyən etmir. O cəsədlər onsuz da orada qalmayacaq. Əsas fakt odur ki, 12 noyabrdan sonra Ermənistan bir hərbi helikopter və 3 zabiti azaldı, sıradan çıxdı. Əgər ermənilər belə şeyləri qələbə hesab edirlərsə, onda hər gün bir helikopter və 3 zabit göndərsinlər və Azərbaycan hərbçiləri onları məhv etsin. Ermənilər xüsusi əməliyyat keçirib, cəsədləri aparsın və özlərini qalib elan etsinlər".

M.Əhmədoğlu əlavə edib ki, ermənilərin yaydığı informasiyanın daha bir effekti ondan ibarətdir ki, ön xətdə olan Azərbaycan hərbçiləri tankvuran silahlarla da təchiz oluna bilər:

"Meyitlərin götürülməsi ilə bağlı istinad ediləsi mənbələr vaxt çərçivəsini müəyyən etməyə imkan verir. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Mübariz İbrahimovun meyitinixeyli gecikdirdiyini yada saldı. Ermənilər Həsən Həsənovun da meyitini gecikdirdilər. Erməni zabitlərinin meyitlərinin götürülməsi vaxtını Mübariz İbrahimovun meyitinin qaytarılması vaxtı ilə müqayisə oluna bilər. Yəqin ki, Azərbaycan 2 ya 3 gün tez qaytaracaq. Amma ermənilər və ATƏT MQ istəsələr, erməni zabitlərinin cəsədlərini qaytarılması prosesini xeyli sürətləndirə bilərlər:

"1.ATƏT MQ vertolyotla bağlı bəyanatlarını 2014-cü ilin 12 may bəyanatına və həmsədr ölkə prezidentlərinin 2009-2013 illərdə imzaladığı sənədlərə uyğunlaşdırmalıdırlar. Atəşkəs rejiminin 20 illiyi ilə əlaqədar ATƏT MQ verdiyi bəyanatda Dağlıq Qarabağ ətrafındakı əraziləri işğal olunmuş ərazilər adlandırmışdı. Vertolyot işğal olunmuş Azərbaycan ərazisində vurulub; 2. ATƏT MQ yaranmış vəziyyətdən istifadə edərək siyasi terminləri ermənilərin xeyrinə dəyişdiyini etiraf etməli və bu işi bir daha təkrarlamayacağını rəsmi şəkildə bəyan etməlidir.C.Uorlikin yeni termini Azərbaycanı qane edə bilməz.Bütün beynəlxalq sənədlərə görə Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan ərazisidir; 3.Etimad tədbiri kimi Dağlıq Qarabağ azərbaycanlı və erməni icmalarının dialoqunu, Böyük Sülh Sazişinin hazırlanmasını rəsmi tələb kimi gündəliyə gətirməlidir".

Politoloq hesab edir ki, Ermənistan öz üstünə düşən funksiyanı real dərk etməlidir. Ermənistan real vəziyyəti anlamasını aşağıdakı hərəkətləri ilə Azərbaycanı inandıra bilər:

"1. Kəlbəcərdə girov götürdükləri Dilqəm Əsgərov və Şahbaz Quliyevi dərhal azadlığa buraxmalıdır; 2. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqunun başlanmasına razılıq verməli və ilk praktiki addımı atmalıdır; 3. Ermənistan rəhbərliyi Böyük Sülh Sazişinin hazırlanmasına razılıq verdiyini rəsmən bəyan etməlidir".

M.Əhmədoğlunun sözlərinə görə, Azərbaycan tərəfi tədricən müharibəyə hazırlaşır:

"Ermənistan əgər bunu görmürsə, öz havadarları ilə regionun gələcəyi barədə məsləhətləşmələr apara bilər. Erməni tarixinin ən yüksək vəzifəli şəxslərindən biri, ABŞ prezidenti Corc Buşun müsəlman dünyası üzrə müşaviri postunadək yüksəlmiş Edvard Cerecyan Dağlıq Qarabağ münaqişəsi regionunda müharibənin 2014-cü ildə baş verəcəyini bildirib. E.Cerecyanın proqnozuna görə, bu müharibədə Ermənistan məğlub olacaq. Ermənistan rəhbərliyində və ictimai-siyasi mühitində E.Cerecyan arzuolunmaz şəxs elan olunub. Ermənilərin daxili işidir. Amma E.Cerecyanın fikirləri ilə bir də tanış olsalar, uduzmazlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti