...

Macarıstanda Xocalı soyqırımının ildönümü münasibətilə anma mərasimi keçirilib (FOTO)

Siyasət Materials 27 Fevral 2015 16:02 (UTC +04:00)
Azərbaycanın Macarıstandakı səfirliyində Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə anma mərasimi keçirilib.
Macarıstanda Xocalı soyqırımının ildönümü münasibətilə anma mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Azərbaycanın Macarıstandakı səfirliyində Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə anma mərasimi keçirilib. Səfirliyin foyesində və böyük zalında ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən sərgi açılıb.

Səfirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra anma mərasimini giriş sözü ilə açan səfir Vilayət Quliyev Dağlıq Qarabağ münaqişəsinin tarixi, azərbaycanlılara qarşı yüz ildən bəri davam edən erməni terroru və onun ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımı haqqında qısa məlumat verib.

Səfirliyin müşaviri Qalib Həsənov Xocalı soyqırımına gətirib çıxaran amillər, soyqırımı qurbanları və Azərbaycan xalqına qarşı törədilər erməni vəhşiliklərinin dünya miqyasına çıxarılması istiqamətində görülən işlər, ilbəil daha da geniş vüsət alan "Xocalıya ədalət!" ictimai hərəkatı barədə məruzə edib.

Tanınmış macar tarixçi, Azərbaycana dair bir sıra kitabların müəllifi doktor Barbara Obruşanski Qafqaz regionunda gəlmə olan ermənilərin Azərbaycana qarşı ərazi iddialarını, Xocalıda və Dağlıq Qarabağın digər yerlərində törətdikləri vəhşilikləri XX əsrin ən böyük ədalətsizliklərindən biri kimi qiymətləndirib.

Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayeva Xocalı soyqırımının, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həqiqi mahiyyətinin Macarıstan ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışıb.

Macarıstanlı pedaqoq Yozef Farkas etnik macarların Transilvaniyadan qovulması barədə macar şairi Albert Vaşşın (1908-1998) "Qaytarın özümə dağlarımı!" şerini macar dilində, "Qardaşlıq" Azərbaycan-Macar Cəmiyyətinin sədri Ramiz Əmirli isə həmin şerin Azərbaycan dilinə tərcüməsini oxuyub.

Ötən əsrin 90-cı illərində bu gün də ölkənin nüfuzlu qəzetlərindən biri sayılan "Nepsava" qəzetində çalışan və 1992-ci ilin mart ayında Xocalı soyqırımının isti izi ilə Bakıya ezam olunan jurnalist Atilla Çarnai həmin günlərdə Ağdamda üzləşdiyi dəhşətlər, insanlığa sığmayan erməni vəhşilikləri barədə xatirələrini bölüşüb.

Sonra Heydər Əliyev Fondunun "Xocalıya ədalət!" silsiləsindən hazırladığı yeni sənədli film nümayiş etdirilib.

Səfir V.Quliyev Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı barədə Macarıstanın MTV və Türkiyənin TRT-Xəbər televiziyalarına müsahibə verib.

Anma mərasimində macar ictimaiyyətinin nümayəndələri, Azərbaycan diasporunun üzvləri, macar, türk və azərbaycanlı tələbələr, mətbuatın və diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti