...

Bahar Muradova: İkili və çoxüzlü standartlardan yanaşmaların nəticəsidir ki, belə "seçkilər" keçirilir

Siyasət Materials 1 Aprel 2015 17:06 (UTC +04:00)
"Separatçı Dağlıq Qarabağ rejiminin keçirəcəyi qondarma “parlament seçkiləri” qeyri-qanunidir və Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş bir cəhddir”.
Bahar Muradova: İkili və çoxüzlü standartlardan yanaşmaların nəticəsidir ki, belə "seçkilər" keçirilir

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir Elçin Mehdiyev/

"Separatçı Dağlıq Qarabağ rejiminin keçirəcəyi qondarma "parlament seçkiləri" qeyri-qanunidir və Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş bir cəhddir". Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova mayın 3-də Dağlıq Qarabağda keçiriləcək qondarma "parlament seçkiləri"ni şərh edərkən deyib.

B.Muradova bildirib ki, ermənilər artıq neçənci dəfədir ki, belə addım atırlar və hər dəfə Azərbaycanın hökuməti, müvafiq rəsmi dairələri bu məsələnin Azərbaycan Konstitusiyasına, qanunlarına, suverenlik prinsiplərinə zidd olduğunu bəyan edir və dünya ölkələrinə bununla bağlı müraciət edirlər.

Vitse-spiker vurğulayıb ki, bu "seçkilər"i beynəlxalq təşkilatlar, digər dövlətlər, hətta Ermənistanın özü də tanımır: "Bu, tamamilə mənasız, yersiz və heç bir hüquqi əsası olmayan qondarma "seçkilər"dir. Amma əfsuslar olsun ki, bir sıra dünya dövlətləri və beynəlxalq təşkilatlar bununla bağlı qəti mövqe ortaya qoymurlar. Bəzi hallarda Dağlıq Qarabağ separatçılarını yüksək səviyyədə qarşılayır, onlara maliyyə yardımı ayırırlar. Bu ərazidə terrorun, vandalizmin get-gedə çiçəklənməsinə baxmayaraq, bu hərəkətlərə rəvac verən separatçılara hətta ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ciddi maliyyə dəstəyi göstərirlər. Ona görə də belə siyasətləri bəzi hallarda anlamaq, izah etmək mümkün olmur. Bu problemi həll etməyə yönəlik səylər göstərən vasitəçiliklə bu kimi addımlar bir araya sığmr. Biz bununla bağlı açıq tənqidlərimizi və etirazlarımızı hər zaman edirik və bildiririk ki, bu hərəkətlər onların rəsmi statusu ilə bir araya sığmır".

B.Muradova qeyd edib ki, görünür, erməni separatçılarını da stimullaşdıran bu cəzasızlıq mühitidir: "İkili və çoxüzlü standartlardan yanaşmaların nəticəsidir ki, onlar bu "seçkilər"i keçirir. Çox təəssüf ki, dünyada siyasətin belə anlaşılmayan tərəfləri də var. Amma sözsüz ki, biz dövlət olaraq birinci növbədə öz gücümüzə, xalqımıza arxalanırıq və lazım gələrsə, bu məsələ Azərbaycan xalqının dəstəyi, Ordunun gücü ilə həll olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti