...

Küveytdə 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub (FOTO)

Siyasət Materials 19 Yanvar 2016 20:42 (UTC +04:00)
Səfirliyin foyesində 20 Yanvar faciəsinə həsr edilmiş fotosərgi təşkil olunub, sərgi zamanı faciə haqqında film və kitablar nümayiş etdirilib.
Küveytdə 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub (FOTO)

Bakı. Trend:

20 Yanvar faciəsinin 26-cı ildönümü münasibətilə Azərbaycanın Küveyt Dövlətindəki səfirliyində Küveytdə yaşayan və işləyən, təhsil alan Azərbaycan vətəndaşları, Türkiyə və digər ölkələrin diaspor təşkilatlarının nümayəndələri, Küveyt vətəndaşları, ictimai-siyasi xadimləri, Küveyt Universitetində təhsil alan türkdilli ölkələrin tələbələri və yerli kütləvi informasiya vasitələrinin və "Əl-Kut" televiziya kanalının əməkdaşlarının iştirakı ilə anım mərasimi keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, mərasimdə müvəqqəti işlər vəkili Cavid Musayev çıxış edib. Çıxışda mərasim iştirakçılarına 20 Yanvar faciəsinin tarixi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq müddəaları, beynəlxalq hüquq normaları kobudcasına pozularaq, M.Qorbaçovun birbaşa göstərişinə əsasən, sovet ordusu hərbi hissələri və zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə Azərbaycanın bir çox şəhər və rayonuna yeridilməsi, nəticədə millətçi ermənilərin respublikamıza qarşı bitib-tükənməyən ərazi iddialarına etiraz əlaməti olaraq öz torpaqlarının müdafiəsinə qalxmış xalqımıza vəhşicəsinə divan tutulması, yüzlərlə insanın həlak olması, yaralanması, həbs edilməsi, itkin düşməsi barədə ətraflı məlumat verilib, bu qanlı hadisənin və şəhidlərimizin xatirəsinin yaddaşlardan heç bir zaman silinməyəcəyi qeyd olunub.

Tədbirdə 20 Yanvar, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 21 yanvar 1990-cı il tarixində Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyində bu dəhşətli hadisəyə münasibətini bildirən kəskin bəyanatında Bakıda törədilən qırğınlara siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etməsi, ulu öndərin səyləri nəticəsində 20 Yanvar faciəsi barədə həqiqətlərin üzə çıxması, ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətin bütün dünya qarşısında ifşa olunması xüsusilə vurğulanıb.

Eyni zamanda tədbirdə "Vətənsevər Dostluq Cəmiyyəti"nin sədri Könül Hacızadə çıxış edərək, 26 il əvvəl Azərbaycanın azadlığı, suverenliyi arzusu ilə ayağa qalxmış dinc insanlara qarşı sovet imperiyasının silahlı birləşmələrinin törətdiyi cinayətlərdən danışıb, qeyd edib ki, 100 illər ötsə də, 20 Yanvar şəhidlərinin xatirəsi hər zaman Azərbaycan xalqı tərəfindən xatırlanacaq, onların öz ölümləri ilə yaratdıqları qəhrəmanlıq nümunələri yeni nəsillərə çatdırılacaq.

Bununla yanaşı, səfirliyin foyesində 20 Yanvar faciəsinə həsr edilmiş fotosərgi təşkil olunub, sərgi zamanı faciə haqqında film və kitablar nümayiş etdirilib.

Eyni zamanda, Küveytin "ƏL-Kut" televiziya kanalının xəbər buraxılışlarında 20 Yanvar faciəsinə həsr edilmiş filmdən hissələr nümayiş etdirilib və ətraflı məlumat televiziya tamaşaçılarının diqqətinə çatdırılmışdır. Süjet kanalın "Youtube" portalında da yerləşdirilib.

Səfirliyin təşəbbüsü və yardımı ilə ərəb dilində hazırlanıb çoxaldılmış "20 Yanvar" fotoalbomu və faciəni əyani şəkildə özündə əks etdirən sənədli filmin ərəb dilində CD variantı, səfirliyin press-relizi Küveytin dövlət, hökumət qurumlarına, parlamentinə, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə, burada fəaliyyət göstərən ictimai təşkilatlara və kütləvi informasiya vasitələrinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti