...

Prezident İlham Əliyev Pakistanın müdafiə sənayesi nazirini qəbul edib (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 26 Sentyabr 2016 18:42 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Pakistan İslam Respublikasının müdafiə sənayesi naziri Rana Tanvir Hussainin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev  Pakistanın müdafiə sənayesi nazirini qəbul edib (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Pakistan İslam Respublikasının müdafiə sənayesi naziri Rana Tanvir Hussainin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Pakistanın müdafiə sənayesi nazirinin ölkəmizə səfərinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev pakistanlı nazirin Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirakının önəmini qeyd etdi. Dövlətimizin başçısı Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin Azərbaycana səfərini məmnunluqla xatırlayaraq bu səfərin ölkələrimiz arasında səmimi və qardaşlıq əlaqələrinin yaxşı göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev Pakistanın baş naziri ilə Davosda keçirdiyi görüşü də məmnunluqla xatırladı. Prezident İlham Əliyev Azərbaycanla Pakistan arasında münasibətlərin yüksək səviyyədə olduğunu, ölkələrimizin bir-birlərini bütün beynəlxalq təşkilatlarda daima dəstəklədiklərini vurğulayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə verdikləri dəstəyə görə minnətdarlığını ifadə etdi. Dövlətimizin başçısı öz növbəsində Azərbaycanın da Pakistanı həmişə Kəşmir məsələsində dəstəklədiyini qeyd edərək ölkəmiz üçün Pakistanın dünyada ən yaxın və böyük dost ölkələrdən biri olduğunu dedi.

Prezident İlham Əliyev Azərbaycanla Pakistan İslam Respublikası arasında müdafiə və hərbi sənaye sahəsində əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi.

Pakistan İslam Respublikasının müdafiə sənayesi naziri Rana Tanvir Hussain yenidən ölkəmizə səfər etməsindən məmnunluğunu ifadə etdi.

Rana Tanvir Hussain Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Navaz Şərifin adından Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət etdi. O, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Navaz Şərifin Prezident İlham Əliyevə olan yüksək ehtiramını məmnunluqla qeyd etdi.

Prezident Ilham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Navaz Şərifin dəvətini minnətdarlıqla qəbul etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti