...

MÖVLUD ÇAVUŞOĞLU: AŞ PA KOMİTƏSİNİN SƏDRİ SEÇİLDİKDƏN SONRA AZƏRBAYCANI DƏSTƏKLƏMƏk İMKANLARIM DAHA DA ARTACAQDIR

Siyasət Materials 4 İyul 2005 17:01 (UTC +04:00)

"Oktyabr ayında Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Miqrasiya, Qaçqınlar və Əhali məsələləri komitəsinin sədri seçildikdən sonra qurumda Azərbaycanın haqq səsini dəstəkləmək imkanlarım daha da artacaqdır".

Bunu Türkiyə Böyük Millət Məclisindən Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) təmsil olunmuş millət vəkili, qurumda fəaliyyət göstərən Avropa Demokratiklər Qrupu partiyasının (ADQP) sədr müavini Mövlud Çavuşoğlu, iyulun 4-də Trend ə bildirmişdir.

Onun sözlərinə görə, AŞ PA-nın Miqrasiya, Qaçqınlar və Əhali məsələləri komitəsinin hazırkı sədri və ADQR-nin rəhbəri, ingiltərəli deputat D.Vilkinson bu payız ölkəsində keçiriləcək parlament seçkilərinə qatılmadığı üçün onun qurumdakı səlahiyyətləri dayandırılacaqdır.

"Bu məsələ mühafizəkarlar partiyası olan ADQP-də artıq həll olunmuşdur, partiyanın sədr postuna mənim namizədliyim irəli sürülmüşdür. Payızda Miqrasiya, Qaçqınlar və Əhali məsələləri komitəsinin sədri təsdiqlənəndən sonra həm də AŞ PA Bürosunun, həm də komitə sədrlərinin toplantısında iştirak etmək hüququm olacaqdır.

Onsuz da AŞ PA-nın toplantılarında Azərbaycanla, Dağlıq Qarabağla bağlı məsələlər, eləcə də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı məsələ gündəmə gəldiyi zaman Türkiyədən olan bütün millət vəkilləri hər zaman azərbaycanlı millət vəkillərinə dayaq olmuşlar və bundan sonra da bu missiyanı həyata keçirəcəklər.

Mənim komitə sədri seçilməyim isə, AŞ PA-nın rəhbər qurumlarında əlavə səs qazanmaqdır. Sözsüz ki, mən bu əlavə şansdan istifadə edərək qardaş Azərbaycan xalqının haqq işinin müdafiəsi üçün, onun ərazi bütövlüyünün və suverenliyinin təmin olunması üçün var qüvvəmlə çalışacağam",- deyə Mövlud Çavuşoğlu vurğulamışdır.

Xatıfrladaq ki, AŞ PA-da ADQP-dən başqa daha dörd partiya - Sosialistlər qrupu, Avropa Xalq Partiyası, Xristian Demokratlar qrupu, Liberal Demokratlar və İslahatçılar qrupu, Avropa Birləşmiş Sollar qrupu fəaliyyət göstərməkdədir. Bundan əlavə, AŞ PA-da bitərəf deputatlar da təmsil olunmaqdadır.

Xəbər lenti

Xəbər lenti