...

"DEMOKRATİK AZƏRBAYCAN" SEÇKİ BLOKU KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ, MİLLİ MƏCLİSƏ VƏ MSK-YA MÜRACİƏT ETDİ

Siyasət Materials 4 Avqust 2005 19:12 (UTC +04:00)

"Demokratik Azərbaycan" Seçki Bloku avqustun 4-də Milli Məclisə, Konstitutsiya məhkəməsinə və Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət ünvanlayıb. Bu barədə Trend ə seçki blokundan məlumat verilib. Müraciətdə deyilir ki, ölkə əhalisinin xeyli hissəsi, xüsusilə kənd sakinləri şəxsiyyət vəsiqələrini ala bilmirlər.

Köhnə Sovet pasportlarının, 9 saylı formanın şəxsiyyəti təsdiq edən sənəd kimi istifadəsinin dayandırılması seçkidə namizədliyini irəli sürmüş şəxslərin imzatoplama kampaniyasına ciddi maneələr yaradıb.

Eyni zamanda namizədlərin müşahidəçi və səlahiyyətli nümayəndə təyin etməsi çətinləşib. Bu problem həmçinin seçmək hüququ olan əhalinin böyük bir hissəsinin seçki günü səsvermədə iştirakını da sual altına qoyur.

Seçki blokunun müraciətində daha sonra deyilir ki, ölkə üzrə seçicilərin 44 faizi şəxsiyyət vəsiqəsini almayıb, bölgələrdə şəxsiyyət vəsiqəsi alanların 80-90 faizi isə Milli pasport alaraq ölkəni tərk edənlərdir.

Vətəndaşların şəxsiyyət vəsiqəsini ala bilməməsinin bir səbəbi də ona çəkilən xərclərlə bağlıdır. Nəticədə şəxsiyyət vəsiqəsi ala bilməyən vətəndaşların, həmçinin seçkidə iştirak edən namizədlərin konstitusion hüquqları pozulur.

Demokratik Azərbaycan Seçki Bloku müraciətində Konstitusiya Məhkəməsindən, Milli Məclisdən və MSK-dan xahiş edib ki, əhalinin seçki prosesində aktiv iştirakını təmin etmək və namizədlərin üzləşdiyi əngəlləri aradan qaldırmaq məqsədilə köhnə Sovet pasportlarından son istifadə müddətinin 1 yanvar 2006-cı ilədək uzadılması barədə qərar çıxarılsın.

Xəbər lenti

Xəbər lenti