...

MSK-YA DAXİL OLAN ŞİKAYƏT VƏ MÜRACİƏTLƏRƏ BAXILIB

Siyasət Materials 14 Sentyabr 2005 18:22 (UTC +04:00)

Sentyabrın 14-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. Trend in məlumatına görə, iclasda MSK-ya daxil olmuş müraciət və şikayətlərə baxılıb, bəzi seçki dairələrinin hüdudlarında dəqiqləşmələr aparılıb, həmçinin cari məsələlər müzakirə olunub.

MSK-nın katibi Vidadi Mahmudov bildirib ki, prezidentin seçki təcrübəsinin təkmilləşdirilməsinə dair 11 may 2005-ci il tarixli sərəncamı icra orqanlarının seçki prosesinə müdaxiləsini qadağan edir, lakin bir sıra icra başçıları bu tələbləri pozaraq seçkidə ayra-ayrı namizədlərin təbliğatı ilə məşğuldurlar.

V.Mamumudoq qeyd edib ki, MSK-ya Qusar, Qubadlı, Zəngilan, Samux, Saatlı, Füzuli, Zərdab rayonlarının icra başçılarının seçki prosesinə müdaxilə etmələri ilə bağlı şikayətlər daxil olub. MSK katibi təklif edib ki, bu şikayətlər əsasında araşdırılmış materiallar hüquq-mühafizə orqanlarına təqdim olunsun.

MSK üzvü Ənvər Əliyev prezidentin sərəncamının tələblərinə əməl olunmamasına, sərəncamın hərəkətsizliyi barədə dövlət başçısına müraciət olunması təklifini irəli sürüb.

Vidadi Mahmudov digər şikayətlər barədə məlumat verərkən Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlunun partiyaya hücum edilməsi, maddi ziyan vurulması ilə bağlı şikayətini diqqətə çatdırıb və təklif edib ki, MSK adından Bakı Şəhər Baş Polis İdarəsinə müraciət olunsun.

Təklif qəbul olunub və ADP-nin şikayətinin araşdırılması üçün Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edilməsi barədə qərar çıxarılıb. V.Mahmudov bildirib ki, 11 şikayət isə məntəqə seçki komissiyalarının üzvləri tərəfindən təqdim olunub.

Onlar dairə seçki komissiyalarından şikayət edərək qanunsuz vəzifələrindən azad olunduqlarını, təzyiqlərə məruz qaldıqlarını bildiriblər. MSK sədri Məzahir Pənahov məntəqə üzvlərinin işdən azad olunmaları ilə bağlı dairə seçki komissiyalarından izahat alınmasına tapşırıq verib.

V.Mahmudov Tovuz və Bakının Sabunçu rayonunun təhsil şöbəsinin rəhbərlərindən verilən şikayəti diqqətə çatdırıb, seçkidə namizədliyini qeydə alınmış həmin şəxslərin tutduqları vəzifədən istefa vermələri təklifini səsləndirib. Məzahir Pənahov həmin şəxslərin istefa vermələri üçün MSK-nın müraciət etməsinə dair tapşırıq verib.

MSK-ya daxil olan digər şikayətlər bəzi şəxslərin namizədliyinin qeydə alınmaması, bir sıra namizədlərin isə seçkiqabağı təbliğat üçün yol çəkməsi, əhali arasında faydalı işlər görməsi ilə, həmçinin bəzi millət vəkillərinin yenidən seçkidə iştirak etməsi ilə bağlıdır. İclasda MSK-ya daxil olmuş şikayətlərin araşdırılması, həmçinin onlara müsbət cavab verilib-verilməməsi ilə bağlı müvafiq qərarlar çıxarılıb.

Sonra 5 seçki dairəsinin hüdudlarında dəqiqləşdirmələr aparılması barədə qərar çıxarılıb. Sonda MSK-nın fəaliyyəti ilə bağlı cari məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti