...

Müxalifət partiyalarının əksəriyyəti Rəsul Quliyevi qarşılamayacaq

Siyasət Materials 15 Oktyabr 2005 12:24 (UTC +04:00)

"Azərbaycan Naminə Hərəkata (ANH) daxil olan siyasi qüvvələr Rəsul Quliyevin qarşılanma mərasimində iştirak etməyəcək". Bu barədə Trend agentliyinə ANH mətbuat xidmətinin rəhbəri Anar Orucoğlu bildirib.

Demokratik Azərbaycan seçki blokunun təsisçilərindən olan Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı və Ədalət Partiyasının sədri İlyas İsmayılov da Rəsul Quliyevi qarşılayanlar arasında olmayacaqlarını bildiriblər. İ.İsmayılov bunun səbəbini belə açıqlayıb: "Mən rayonda seçki təbliğatımla məşğulam. Rəsul Quliyevi "Azadlıq" blokuna daxil olan partiya rəhbərləri qarşılasınlar, mənim orada nə işim var".

Yeni Siyasət seçki blokunda təmsil olunan Azərbaycan Sosial Demokrat Partiyasının katibi Tofiq Əhmədov da adıçəkilən mərasimdə olmayacağını deyib. Digər müxalifətyönlü partiyalardan İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı, Yurddaş Partiyasının sədri Mais Səfərli, Türk Millətçi Partiyasının sədri Vüqar Bəyturan, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Vəhdət Partiyası sədrinin müavini Vidadi Fərəcov və başqaları R.Quliyevin qarşılanma mərasimində iştirak etməyəcəklərini bəyan ediblər.

Azərbaycançı Qüvvələr seçki blokunun mərkəzi seçki qərargahının rəhbəri Rövşən Əhmədli də bu mərasimdə blokun rəhbərlərindən heç kimin olmayacağını qeyd edib. R.Quliyevin qarşılanma mərasimində yalnız Bakı Kəndlər Birliyinin üzvləri və "Azadlıq" bloku olacaq.

Qeyd edək ki, 9 il ABŞ-da mühacir olan Azərbaycanın eks-spikeri Rəsul Quliyev oktyabrın 17-də Bakıya gələcəyini qərarlaşdırıb.

Xəbər lenti

Xəbər lenti