...

BP məktəblərdə mühəndisliyi təşviq edir

Cəmiyyət Materials 24 Noyabr 2014 13:31 (UTC +04:00)
BP məktəblərdə yuxarı sinif şagirdləri arasında mühəndislik ixtisaslarını təşviq etmək üçün yeni bir təşəbbüsü dəstəkləyir.
BP məktəblərdə mühəndisliyi təşviq edir

Azərbaycan, Bakı, 24 noyabr /Trend/

BP məktəblərdə yuxarı sinif şagirdləri arasında mühəndislik ixtisaslarını təşviq etmək üçün yeni bir təşəbbüsü dəstəkləyir.
Bu təşəbbüs Bakının orta məktəblərindən seçilmiş 200-ə yaxın şagirdi bir araya gətirib. Bunlar ilkin ərizə qəbulu və namizədlərin yoxlanması nəticəsində seçilmiş, yüksək potensiala malik və texniki fənlərə maraq göstərən 8-10-cu sinif şagirdləridir.

Bu təşəbbüs Təhsil Nazirliyi tərəfindən tam dəstəklənib və BP-nin bir çox təcrübəli mühəndislərinin də üzv olduğu GəncMİİB təşkilatı ("Gənc Mühəndislərin İnkişafı" İctimai Birliyi) tərəfindən həyata keçirilib.

Təşəbbüs çərçivəsində məktəblilərə gələcək karyera istiqamətlərini seçməkdə kömək etmək məqsədilə bir sıra seminarlar keçirilib. Keçirilmiş seminarlar proqramı iştirakçılara peşəkar mühəndislərdən onların təcrübəsi və bilikləri haqqında geniş məlumat almaq, habelə BP-nin Azərbaycanda əməliyyatçısı olduğu layihələrdə mühəndislik sahəsindəki imkanlar barədə məlumat əldə etmək üçün yaxşı imkan yaradıb.

Seminarlar silsiləsi 18 oktyabrda başlayıb və 22 noyabr 2014-cü ildə başa çatıb. Seminarlar BP-nin təcrübəli mühəndisləri və layihənin uğurla həyata keçirilməsi üçün öz vaxtını və əməyini sərf etmiş GəncMİİB təşkilatının könüllü üzvləri tərəfindən keçirilib.
BP-də texnoloji təhlükəsizlik üzrə mühəndis və GəncMİİB-də layihə meneceri kimi işləyən Hikmət Məmmədli dedi: "Mühəndislik ixtisası ilə maraqlanan və ölkənin gələcək inkişafında iştirak etmək istəyən bu qədər gənc və istedadlı məktəblini görmək çox həvəsləndiricidir.
İnanıram ki, bu layihə bizə analitik düşüncə tərzinə malik tələbələri müəyyənləşdirmək və gələcəkdə onları mühəndis olmağa sövq etməkdə kömək edəcək."

Seminarların proqramı mühəndislik ixtisasları üzrə təqdimatlar, təcrübəli BP mühəndislərinin karyeraları ilə bağlı maraqlı söhbətlər, interaktiv simulyasiya oyunları, habelə iştirakçılar üçün xüsusi tərtib edilmiş psixoloji və qabiliyyət testlərindən ibarət olub.

BP-nin təhsil və təqaüd proqramları barədə iştirakçıları məlumatlandırmaq məqsədilə BP-nin İnsan Resursları departamenti tərəfindən xüsusi təqdimatlar keçirilib.

"Bu, Bakının orta məktəblərində mühəndis ixtisaslarını təbliğ etmək üçün əsas iştirakçı tərəfləri bir araya gətirən gözəl bir təşəbbüsdür. Bunlar məktəblər, mühəndislik və digər əlaqədar ixtisaslar üçün əla imkanlar təklif edən BP şirkəti, həmçinin bilik və səriştələri ilə hər zaman bölüşməyə hazır olan peşəkar mühəndislərdir. Fürsətdən istifadə edərək, bu təşəbbüsün müvəffəqiyyətlə həyata keçirilməsi üçün xeyli vaxt və əmək sərf etmiş GəncMİİB-nin üzvlərinə öz minnətdarlığımı bildirmək istərdim", deyə BP-nin İnsan Resursları departamentinin universitet məzunlarının işə cəlb edilməsi üzrə aparıcı mütəxəssisi Aytən Kərimova bildirib.

Proqram başa çatdıqdan sonra bütün iştirakçılara şəhadətnamələr verilib. Ən uğurlu tələbələrə həm də mükafatlar təqdim edilib.

BP Azərbaycanın iri neft və qaz yataqlarının işlənməsi və nəqli layihələrinin operatoru qismində ölkənin potensial imkanlarının, o cümlədən neft və qaz sektorunda yerli səriştə səviyyəsinin inkişaf etdirilməsi istiqamətindəki öhdəliklərinə sadiqdir. Həmin öhdəliklər çərçivəsində BP erkən yaşlarda təlimdən tutmuş qabaqcıl universitet tədqiqatlarınadək təhsil və gənclərin inkişafı üzrə geniş səpkidə proqramları dəstəkləyir.

Aşağıda bu cür təşəbbüslərə dair bir sıra misallar verilib:
Şirkətin təhsilə dəstək göstərmək öhdəliyinin bir hissəsi kimi 2007-ci ildə fəaliyyətə başlamış BP-nin xüsusi mükafat proqramı. Bu proqram neft-qaz mühəndisliyi sahəsində ixtisaslaşan ən yaxşı tələbələrə dəstək vermək məqsədi daşıyır. Bu günə qədər BP öz xüsusi mükafatlarını ümumilikdə 400-ə yaxın ən yaxşı tələbəyə təqdim edib.
Azərbaycanda yerli neft-qaz mühəndislərinin inkişafına dəstək vermək üçün nəzərdə tutulmuş, Bakı Ali Neft Məktəbində keçirilən BP-nin biznes mühazirələri.

BP şirkətinin Qafqaz Universitetinin bakalavr təhsili ixtisaslarını genişləndirərək kimya, mexanika və sənaye mühəndisliyi də daxil olmaqla üç mühəndislik ixtisasını əhatə etməsinə dəstəyi. Layihənin bir hissəsi olaraq 2009-cu ildə BP kimya mühəndisliyi fakültəsi, 2011-ci ildə isə həmin fakültə üçün tam təchiz edilmiş beş müasir laboratoriya açıb. 2011-ci ildə isə universitetdə mexanika mühəndisliyi fakültəsi açılıb və BP 2013-cü ilin dekabr ayında bu yeni fakültəyə 11 dünya səviyyəli laboratoriya bağışlayıb.

BP-nin Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi (BEGOC) ilə tərəfdaşlığı. Bu, innovativ Oyunlar Akademiyası üzrə Məzun Təkmilləşdirmə Proqramı ilə müstəsna rəsmi tərəfdaşlığı nəzərdə tutur. Proqramın hədəfi universitet məzunlarına oyunlar çərçivəsində öz gələcək vəzifələrini mükəmməl yerinə yetirməkdə kömək etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti