...

Gəncədə Azərbaycan Memarlar İttifaqının plenumu keçirilib (FOTO)

Cəmiyyət Materials 6 İyul 2015 12:28 (UTC +04:00)
Gəncədə Azərbaycan Memarlar İttifaqının plenumu keçirilib
Gəncədə Azərbaycan Memarlar İttifaqının plenumu keçirilib (FOTO)

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Heydər Əliyev Mərkəzində memarların yay plenumu keçirilib. Trend-in məlumatına gprə, tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbəy Qasımzadə, memarlar, şəhər rəsmiləri iştirak ediblər.

Tədbir iştirakçıları öncə memarların yaradıcılığını əks etdirən sərgiyə baxıblar.

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri E.Qasımzadə tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə aparılan genişmiqyaslı quruculuq işləri şəhərsalma və memarlıq sahəsinin inkişafına da dəyərli töhfələr verib.

Paytaxt Bakının və regionlarımızın siması tamamilə dəyişərək, yenilənib və müasirləşib. Bunu qədimliyini qorumaqla, daha da gözəlləşən Gəncədə də müşahidə etmək mümkündür. Şəhərə gələnləri heyran qoyan möhtəşəm Heydər Əliyev Mərkəzi, əsil möcüzəni xatırladan əsrarəngiz park-kompleks bunun bariz nümunəsidir. E.Qasımzadə vurğulayıb ki, 2016-cı ilin tədbirlər planında İttifaqın Gəncə Bölməsinin yaradılması nəzərdə tutulub. Məqsəd Gəncə şəhəri ilə birlikdə ətraf rayonları da bu bölməyə cəlb etməkdir.

"Memarların fədakar və səmərəli əməyi ilə yaradılmış sənət abidələri xalqımızın mədəni həyatının nadir incilərini təşkil edərək həmişə onun milli şüurunun, estetik zövqünün möhkəmlənməsinə və inkişafına xidmət etmişdir"- ümummilli lider Heydər Əliyevin bu sözlərini xatırladan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyev çıxışında qeyd edib ki, Azərbaycan qədim tarixə və zəngin memarlıq ənənələrinə malikdir. Xalqımızın milli sərvəti sayılan Gəncənin 4000 illik tarixini qoruyub özündə saxlayan abidələrin böyük bir hissəsi bu gün dünya muzeylərinin ekspozisiyalarında özünəməxsus yer tutur. Metropol (ABŞ) Münhen, Berlin, Hamburq, Luvr, Paris, Moskva, Sankt-Peterburq və digər şəhərlərin dövlət və şəxsi muzeylərində qədim Gəncənin tarixinə dair nadir və qiymətli eksponatlar saxlanılır. Bu memarlıq abidələri öz əzəməti, orijinal üslubu və yüksək sənətkarlıq keyfiyyətləri ilə mütəxəssisləri indi də heyran edir.

Son illər ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində qədim Gəncədə geniş quruculuq işləri aparılmış,tarixi abidələr yüksək səviyyədə təmir və bərpa edilib.

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov Gəncə şəhərinin Baş planının layihələndirlməsi və inkişafı mövzusunda, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun baş elmi işçisi Rayihə Əmənzadə Gəncə memarlığı haqqında çıxış edib.

Plenumda Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin 6 aylıq hesabatı dinlənilib.

Toplantıda Azərbaycan Memarlar İttifaqına yeni üzvlərin qəbulu və təşkilati məsələlərə baxılıb.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Azərbaycan Memarlar İttifaqının fəxri üzvü seçilib.

Sonda şəhərsalma və memarlıq sahəsində fərqlənənlərə "Usta memar" fəxri adı verilib, bir qrup memara isə qurumun fəxri fərmanları təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti