...

Oqtay Şirəliyev şəkərli diabetlə bağlı əmr imzaladı

Cəmiyyət Materials 30 Mart 2016 15:09 (UTC +04:00)
Səhiyyə naziri Oqtay Şirəliyev “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi barədə əmr imzalayıb.
Oqtay Şirəliyev şəkərli diabetlə bağlı əmr imzaladı

Bakı. Trend:

Səhiyyə naziri Oqtay Şirəliyev "2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi barədə əmr imzalayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əmrdə şəkərli diabet üzrə "2016-2020-ci illər üçün Dövlət Proqramı" çərçivəsində həmin illər üzrə nazirliyin fəaliyyət planının təsdiqi, fəaliyyət planı üzrə icraçı qurumların rəhbərlərinə nəzərdə tutulmuş tədbirlərin vaxtında, keyfiyyətli həyata keçirilməsini təmin etmək və görülən işlər barədə Səhiyyə Nazirliyinə vaxtaşırı məlumatlar vermək barədə tapşırıqlar və s. məsələlər öz əksini tapıb.

Qeyd edək ki, "2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi məqsədilə görüləcək tədbirlər sırasında şəkərli diabet xəstələrinin vahid elektron registrinin və məlumat bazasının təkmilləşdirilməsi, dərman preparatları və özünənəzarət vasitələri ilə təmin olunmasının monitorinqinin təmini məqsədilə kompüter proqramının təkmilləşdirilməsi, şəkərli diabetin fəsadlarının profilaktikası məqsədilə tibb müəssisələrində təlim məktəbləri şəbəkəsinin genişləndirilməsi, şəkərli diabet xəstələrinin insulin və digər şəkərsalıcı dərman preparatları, özünənəzarət vasitələri ilə davamlı təmin edilməsi, pompa ilə təmin edilmiş uşaqların monitorinqi və ləvazimatlarla təminatı, şəkərli diabet xəstəliyinin kompensasiya mərhələsinin müəyyən edilməsi məqsədilə tibb müəssisələrinin qlükozalaşmış hemoqlobinin təyini üçün avadanlıq və reaktivlərlə təmin edilməsi, şəkərli diabetin diaqnostikası və müalicəsi üzrə klinik protokolların hazırlanması və tətbiqi, "Diabetik pəncə" kabinetlərinin bölgələrdə yaradılması, şəkərli diabetə düçar olmuş uşaq və gənclər üçün yay düşərgələrinin təşkili, onların tibb işçiləri və tibbi ləvazimatla təmin edilməsi, şəkərli diabetin profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin hazırlanması, bölgələrdə şəkətli diabetin fəsadlarının profilaktikası və müalicəsinə həsr olunmuş konfransların keçirilməsi (endokrinoloqlar, cərrahlar, oftalmoloqlar, nevropatoloqların, ginekoloqların iştirakı ilə), şəkərli diabetin profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin hazırlanması, şəkərli diabetlə mübarizə üzrə mütəxəssislərin beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirakının təşkili nəzərdə tutulub.

Eyni zamanda ilkin səhiyyə xidməti müəssisələrində çalışan tibb işçiləri üçün şəkərli diabetin aşkarlanması və müalicəsi üzrə treninqlər təşkil etmək və bu xəstəliyin profilaktikasına dair populyar ədəbiyyatın, bukletlərin, vərəqlərin, plakatların çapını və KİV vasitəsilə şəkərli diabetin profilaktikasına dair məlumatların verilməsi və s. bu kimi tədbirlər nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti