...

Caspian European Club Energetika Nazirliyi ilə birgə biznes-forum keçirib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2015 12:13 (UTC +04:00)
Energetika naziri Natiq Əliyevin iştirakı ilə bu gün keçirilən Caspian European Club-un biznes-forumunda energetika sahəsinin inkişaf perspektivləri və bizneslə əməkdaşlıq imkanları müzakirə edilib.
Caspian European Club Energetika Nazirliyi ilə birgə biznes-forum keçirib (FOTO)

Azərbaycan, Bakı, 14 may /Trend/

Energetika naziri Natiq Əliyevin iştirakı ilə bu gün keçirilən Caspian European Club-un biznes-forumunda energetika sahəsinin inkişaf perspektivləri və bizneslə əməkdaşlıq imkanları müzakirə edilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Natiq Əliyev qeyd edib ki, Caspian European Club çərçivəsindəki görüşlər biznes-hakimiyyət dialoqunun inkişafı nöqteyi-nəzərindən olduqca faydalı və səmərəlidir.

O, Azərbaycanın energetika sahəsində həyata keçirdiyi işlərdən danışıb. Natiq Əliyevin sözlərinə görə, neft sahəsi iqtisadiyyatın inkişafını şərtləndirən əsas amildir. Ötən illər ərzində Azərbaycan üçün energetika sahəsində olduqca mühüm sazişlərə nail olunub, neft-qaz layihələri uğurla davam etdirilib. "Neft-qaz hasilatında sabitlik əldə edilib. 2014-cü ildə Azərbaycanda 42 milyon ton neft və 29,6 milyard kub metr qaz hasil edilib", - deyə nazir qeyd edib.

Natiq Əliyev vurğulayıb ki, ötən illərdə 35,2 milyon ton neft ixrac olunub. "İxrac olunmuş neftin 67,9 faizi Azərbaycanın payına düşür. Söhbət "Azəri-Çıraq-Günəşli" yataqlarından çıxarılan neftdən və "Şahdəniz" yatağının kondensatından gedir", - deyə nazir vurğulayıb.

Elektroenergetikanın inkişafı məsələsinə toxunan N. Əliyev qeyd edib ki, ötən illər ərzində 24 milyard kVt/saat elektrik enerjisi istehsal olunub ki, onun da 22,4 milyard kVt/saatı "Azərenerji" ASC sisteminin, yerdə qalan hissəsi isə kiçik enerji şirkətlərinin payına düşür.

O qeyd edib ki, əvvəllər YEK (yanacaq-enerji kompleksi) sahəsinə investisiya yatırımı zamanı texniki, geoloji, texnoloji və digər istehsalat riskləri nəzərə alınırdısa, bu gün investisiya daha çox geosiyasi vəziyyətlə bağlıdır.

"Bütün bu tendensiyalar dünya enerji bazarında müşahidə olunur", - deyə o qeyd edib.

N. Əliyev həmçinin bildirib ki, hesablamalara görə, 2035-ci ilədək dünyanın enerji resurslarına olan tələbatı artacaq. Onun sözlərinə görə, əgər bu gün dünyada 1 milyard avtomobil varsa, 2035-ci ildə həmin rəqəm iki dəfə artacaq. Bu isə növbəsində yanacağa olan tələbatı yüksəldəcək. Bundan əlavə, neft-kimya məhsullarına olan tələbat da artacaq. Beləliklə, neft və qaz əsas enerji növü kimi öz rolunu qoruyub saxalayacaq.

Nazir həmçinin enerji resurslarının satış bazarı mövzusuna da toxunub. Bildirilib ki, əgər 10-20 il əvvəl enerji resurslarının əsas istehlakçıları ABŞ və Aİ-də cəmləşmişdirsə, bu gün həmin mənzərə dəyişməkdədir. Belə ki, Çin, Hindistan və Cənub-Şərqi Asiya ölkələrində istehlakçıların sayı getdikcə əhəmiyyətli dərəcədə artır.

Biznes-forum zamanı N. Əliyev qeyd edib ki, hazırda əsas məqsəd sözügedən sahə üzrə Azərbaycanın rolunun yüksəldilməsidir. Ötən ilin sentyabrında Cənub Qaz Dəhlizinin məşvərət şurasının iclasının və təməlqoyma mərasiminin keçirildiyini xatırladan nazir "Ötən illər ərzində energetika sahəsində mühüm işlər görülüb. Yaxın 5 il ərzində qarşıya qoyulan məqsəd Azərbaycan qazının Avropaya nəqlinin təmin olunmasıdır. Bu işə 2011-ci ildə start verilib. Sevindirici haldır ki, hazırda sözügedən sahə ilə bağlı əsas sənəd və sazişlər artıq gerçəkləşməkdədir", - deyə söyləyib.

"Aprelin 29-da İtaliya hökumətinin ƏMTQ (Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi) və Aİ qanunvericiliyinə uyğunluq da daxil olmaqla qaz kəməri ilə bağlı bütün məsələləri həll etdiyinə sevinirik", - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, "Şahdəniz-2" layihəsi çərçivəsində Səngaçal terminalının və Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi işləri qrafiki qabaqlama ilə həyata keçirilir. "Layihə çərçivəsində işlərin 30-32 faizi artıq icra olunub", - deyə o bildirib.

Nazir həmçinin qeyd edib ki, 2019-cu ildə Azərbaycan qazı Türkiyəyə, 2020-ci ildə isə Avropaya daxil olacaq.

N. Əliyev çıxışı zamanı Azərbaycan, Türkiyə və Türkmənistanın energetika nazirlərinin, eləcə də Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviçin bu yaxınlarda Aşqabadda keçirilmiş dördtərəfli görüşünə də toxunub. N. Əliyevin sözlərinə görə, görüş zamanı Türkmənistan tərəfi yüksək fəallıq nümayiş göstərərək, "Transxəzər" qaz boru kəməri layihəsini dəstəkləyib. "Biz danışıqları daimi olmaq şərtilə davam etdirməklə bağlı razılığa gəlmişik", - deyə o qeyd edib. Bundan əlavə, nazir görüş zamanı Türkmənistan tərəfinin öz sərhədlərində hər il 30 milyard kub m qaz satmaq niyyətində olduğunu bəyan edib. "Buna baxmayaraq, tranzit xarakterli hələ bir çox məsələlər öz həllini gözləyir", - deyə N. Əliyev vurğulayıb.

Görüş zamanı nazir həmçinin neft və qaz emalının restrukturizasiyası, o cümlədən neft-kimya sənayesi mövzuları barədə də danışıb.

Sonda biznes-forum iştirakçıları tərəfindən sözügedən mövzu ilə bağlı irəli sürülən təklif və Caspian European Club şirkətlərini maraqlandıran suallar müzakirə olunub.

Biznes-forumda iştirak edən Caspian European Club-un baş icraçı direktoru Telman Əliyev Caspian Energy Forum barədə məlumat verib. O, Caspian European Club-un üzv şirkətləri ilə fəal dialoqa və göstərilən sabit dəstəyə görə Energetika Nazirliyinə minnətdarlığını ifadə edib. T. Əliyev konstruktiv dialoqa, həmçinin tədbir zamanı Caspian European Club üzvlərinin tərəfindən irəli sürülən təklif və xahişlərə diqqət göstərildiyi üçün Natiq Əliyevə təşəkkürünü bildirib.

Onun sözlərinə görə, biznes-forum çərçivəsində şirkətlər onları maraqlandıran suallara cavab tapıb, nazirliklə əməkdaşlıq yollarını müzakirə ediblər.

Növbəti Caspian Energy Forumun Qazaxıstanın baş naziri Kərim Məsimovun sədrliyi ilə 2015-ci il sentyabrın 30-da Astanada (Qazaxıstan) keçiriləcəyini qeyd edən Telman Əliyev Caspian Energy Forum barədə məlumat verib.

O, Caspian European Club-un 2002-ci ilin iyununda Caspian Energy İnternational Media Group-un fəal iştirakı və Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən iri neft-qaz şirkətlərinin dəstəyi ilə təsis edildiyini bildirib. Caspian European Club-un sədri Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevdir. T. Əliyevin sözlərinə görə, təsis edildiyi ilk gündən Caspian European Club neft sahəsindən gələn gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb olunmasına yardım edir. Öz sıralarında 5000-dən çox şirkəti və təşkilatı birləşdirən "Caspian European Club" dünyanın 50 ölkəsində işləyir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun qorunub saxlanması sahəsində fəal iş aparır.

Azərbaycan Respublikası energetika naziri Natiq Əliyevə Caspian European Club-un fəxri üzvü sertifikatı təqdim olunub. Caspian European Club-un yeni şirkətlərinə də sertifikatlar verilib. "Caspian European Club" şirkətinin biznes-forumunda Azərbaycanda akkreditə olunmuş bir sıra diplomatik idarələrin nümayəndələri və şirkətlərin rəhbərləri iştirak ediblər.

* Material, informasiya və məqalələrin dərci, video və audio süjetlərin hazırlanması zamanı Caspian European Club-un tədbirlərinə istinad etmək mütləqdir.

Əlavə məlumat üçün:

Tel./Faks: (+994 12) 447 02 36/38, 447 21 86/87

E-mail: [email protected]; [email protected]

URL: www.caspianenergy.net;

www.caspianenergy.org;

www.caspianenergyforum.com;

www.caspianenergy.info;

www.caspianenergy.photo;

www.caspianenergy.tv;

www.caspianenergy.co.uk;

www.caspianenergy.ceo;

www.award.az;

www.oil-gas.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti