...

Azərbaycan-İran iqtisadi əlaqələri Astarada müzakirə edildi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2015 09:57 (UTC +04:00)
Oktyabrın 9-da Azərbaycanın Astara rayonunda İqtisadiyyat və Sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar məsələlər üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, övlət Komissiyasının digər həmsədri Mahmud Vaezi ilə görüşüb.
Azərbaycan-İran iqtisadi əlaqələri Astarada müzakirə edildi (FOTO)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir Azər Niftiyev/

Oktyabrın 9-da Azərbaycanın Astara rayonunda İqtisadiyyat və Sənaye naziri, Azərbaycan ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar məsələlər üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Dövlət Komissiyasının digər həmsədri Mahmud Vaezi ilə görüşüb.

Görüşdə Azərbaycan tərəfindən Xarici İşlər və Nəqliyyat nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, "Azərbaycan Dəmir Yolları" QSC-nin, İran tərəfindən isə aidiyyəti qurumların yüksək vəzifəli şəxsləri iştirak edib.

Nazir Ş.Mustafayev Azərbaycan və İran arasında siyasi və iqtisadi əlaqələrin inkişaf etdiyini, ötən il dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin əməkdaşlığın genişlənməsində mühüm əhəmiyyəti olduğunu vurğulayıb.

Nazir qeyd edib ki, cənab Prezident İlham Əliyevin 2014-cü ilin aprelində İran İslam Respublikasına rəsmi səfərindən sonra ölkələrimiz arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub: "Bu səfərdən sonra 45 qarşılıqlı səfər həyata keçirilib, 22 sənəd imzalanıb, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının iclası keçirilib".

Nazir vurğulayıb ki, ölkələrimiz arasında mövcud siyasi əlaqələr, eləcə də Dövlət Komissiyasının fəaliyyəti iqtisadi münasibətlərin inkişafına daha geniş imkanlar yaradır: "Azərbaycan və İran arasında müxtəlif sahələr üzrə işçi qrupları fəaliyyət göstərir, birgə biznes forum, işgüzar görüş və sərgilər təşkil olunur. İran Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Bununla belə, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var".

Ş.Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini bir daha iranlı rəsmilərin diqqətə çatdırıb.

Qarşılıqlı səfərlərin və keçirilən görüşlərin ölkələrimiz arasında əlaqələrin və əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından xüsusi əhəmiyyətini vurğulayan Ş. Mustafayev bu dəfəki görüşlərdə əsas məqsədin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı müzakirələrə yönəldiyini diqqətə çatdırıb: "Hazırda ölkələrimiz arasında dəmir yolu xətlərinin birləşməsi olmadığından yüklər sərhəd-keçid məntəqələrindən avtomobil nəqliyyatı ilə daşınır. Azərbaycan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə dair sazişə qoşulub. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi böyük siyasi və iqtisadi əhəmiyyətə malik olmaqla, yük və sərnişin daşımalarının həcminin dəfələrlə artmasına imkan yaradacaq, Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcək. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi həmçinin, Azərbaycan və İranın tranzit potensialının daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir".

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Dövlət Komissiyasının həmsədri M.Vaezi ölkələrimiz arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, dövlət rəhbərlərinin qarşılıqlı səfərlərinin, keçirilmiş yüksək səviyyəli görüşlərin Azərbaycan-İran əlaqələrinin inkişafına təkan verdiyini diqqətə çatdııb. İqtisadi əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayan M.Vaezi Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin xüsusi önəmini qeyd edərək, bu dəhliz vasitəsilə daşımaların əhəmiyyətli dərəcədə artacağını bildirib.

Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı dəmir yolu xəttlərinin əlaqələndirilməsi, Azərbaycan-İran sərhədində müvafiq infrastrukturun yaradılması istiqamətində tədbirlərin müzakirə edilməsi məqsədi ilə işçi qrupların yaradılması barədə razılığa gəlinib.

Bu tədbirlər Azərbaycan və İran ərazilərində sərhədyanı dəmir yolu xətlərinin çəkilməsini, sərhəd körpüsünün bigə tikintisini, habelə yükdaşıma terminalının tikintisini nəzərdə tutur. Görüşdə həmçinin, gömrük və sərhəd keçid prosedurlarının sadələşdirilməsi məqsədi ilə müzakirələrin aparılması, eləcə də Biləsuvar və Astara sərhəd-keçid məntəqələrinin 24 saat fasiləsiz işləməsi barədə razılıq əldə olunub.

Sonda Nümayəndə heyətlərinin üzvləri Azərbaycan və İran tərəfində Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsinə baxış keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti