...

Tullantılarla çirklənmiş geniş bir ərazi əkin üçün yararlı vəziyyətə gətirilib

Energetika Materials 3 Fevral 2015 20:12 (UTC +04:00)
Bu gün “Azərikimya” İstehsalat Birliyində ekoloji məsələlərə həsr olunmuş mətbuat konfransı keçirilib.
Tullantılarla çirklənmiş geniş bir ərazi əkin üçün yararlı vəziyyətə gətirilib

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Bu gün "Azərikimya" İstehsalat Birliyində ekoloji məsələlərə həsr olunmuş mətbuat konfransı keçirilib.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, Birliyin icraçı direktorunun əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini Vüqar Kərimov iştirakçılara ötən beş il ərzində "Azərikimya" İB-də ətraf mühitin sağlamlaşdırılması, atmosferə, su hövzələrinə, yerin təkinə çirkləndirici maddələrin atılmasının qarşısının alınması, ekoloji tarazlığın bərpası istiqamətində həyata keçirilən tədbirlər, eləcə də ictimaiyyət arasında aparılmış ekoloji maarifləndirmə işləri haqqında ətraflı məlumat verib.

Qeyd olunub ki, Sumqayıtın sənaye zonasında ekoloji böhran yaradan, istismara yararsız və mənəvi-fiziki cəhətdən tam köhnə olan avadanlıq və texnologiyalarla işləyən, dünya standartlarının tələblərinə cavab verməyən, ən əsası ətraf mühitə ziyan vuran müəssisələrin istismarı Dövlət Neft Şirkəti tərəfindən mərhələli şəkildə dayandırılaraq demontaj olunub, həmin sex və istehsalat sahələrinin əraziləri təmizlənib. Etilen-Polietilen zavodunun Qaz məhsullarının qəbulu və buraxılması sahəsində 4 hektara yaxın çirklənmiş ərazidə bioremediasiya işləri aparılıb, Qaz və maye karbohidrogenlərinin qazlaşdırılması, sıxılması, saxlanılması sexinin neft məhsullarının saxlanması parkında korroziyaya uğramış və istismarı dayandırılmış müxtəlifölçülü tutumlar demontaj olunub. Bakı-Quba yolunun ətrafında vaxtilə Səthi aktiv maddələr zavodunun tullantıları ilə çirklənmiş geniş bir ərazi əkin üçün yararlı vəziyyətə gətirilib. Kimyaçılar tərəfindən 150 minə yaxın ağac və kol bitkiləri əkilib.

Məlumat verilib ki, "Azərikimya" İB-də istehsal prosesi zamanı formalaşan müxtəlif çeşiddə tullantıların (təhlükəli, zərərli, zəhərli, bərk, qaz, maye və s.) müasir tələblərə uyğun çeşidlənməsi, saxlanması, utilizasiyası, zərərsizləşdirilməsi və ya digər emal üsullarının seçilməsi daim diqqət mərkəzində saxlanılır, bununla da ekoloji tarazlığın qorunmasına zəmin yaradılır. Birliyin müəssisələrində formalaşan bərk tullantıların zərərsizləşdirilməsi Sumqayıt Təmizlik Departamenti, ARDNŞ-nin Tullantı Mərkəzi, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Təhlükəli Tullantılar" poliqonu tərəfindən həyata keçirilir. 2014-cü ildə 972 tondan artıq məişət və digər qeyri-toksiki tullantılar Sumqayıt Təmizlik Departamentinə daşınaraq zərərsizləşdirilib. Şirkətin Tullantı Mərkəzinə isə 2011-ci ildən indiyədək 11 adda ümumilikdə 231 tondan artıq çeşidlənmiş tullantı təhvil verilib. Uzun illərdən bəri toplanmış 57 915 kubmetr civə şlamı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dünya standartlarına cavab verən "Təhlükəli Tullantılar" MMC-nin poliqonuna daşınaraq zərərsizləşdirilib, beləliklə də müəssisənin bütün ərazisi zəhərli tullantıdan təmizlənib. 2010-cu ildən etibarən "Təhlükəli Tullantılar" poliqonuna 108 adda 579 tona yaxın müxtəlif növ kimyəvi tullantılar daşınıb.

Mətbuat konfransında xüsusi olaraq vurğulanıb ki, bu gün atmosferə "Azərikimya" İB-nin müəssisələri tərəfindən ictimaiyyəti və şəhər sakinlərini narahat edə biləcək heç bir zərərli və zəhərli tullantı buraxılmır.

Sonda jurnalistlərin çoxsaylı sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti