...

Azərbaycan e-hökumətin qurulmasında böyük uğurlar əldə edib

Telekommunikasiya Materials 3 Avqust 2016 11:49 (UTC +04:00)
Azərbaycan elektron hökumətin qurulmasında böyük uğurlar əldə edib.
Azərbaycan e-hökumətin qurulmasında böyük uğurlar əldə edib

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycan elektron hökumətin qurulmasında böyük uğurlar əldə edib. Bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin “Elektron hökumət” portalının əlaqələndiricisi Cəmşid Naxçıvanski deyib.

Onun sözlərinə görə, bu, BMT-nin elektron hökumətin inkişaf səviyyəsi üzrə reytinqində (E-Government Survey 2016) yüksək qiymət almaqda mühüm amillərdən biri oldu: “BMT-nin son iki ildə açıqladığı reytinqlərə diqqət yetirsək, Azərbaycanın e-hökumətin inkişaf indeksi üzrə 12 bənd irəliləyərək 56-cı mövqedə qərarlaşdığını görərik. Əvvəlki reytinqdə ölkəmiz bu göstərici üzrə 68-ci yerdə idi. 30 bəndlik mövcud sıçrayış isə elektron iştirakçılıq indeksi üzrə qeydə alınıb. Bu göstərici üzrə ölkəmiz 77-dən 47-ci yerə yüksəlib”.

C.Naxçıvanski bildirib ki, e-hökumətin inkişaf indeksinin əsas meyarları elektron xidmətlərin hazırlanması və bu xidmətlərin göstərilməsidir: “Azərbaycan bu sahədə çox böyük uğurlar əldə edib. Məsələn, elektron iştirakçılıq indeksi elektron xidmətlərin nə dərəcədə əhalinin tələbatına uyğun istifadə olunması ilə qiymətləndirilir. 2016-cı ilin birinci yarısında Azərbaycanın “Elektron hökumət” portalında əlçatan olan elektron xidmətlərə görə müraciətlərin sayı 8 milyon artıb ki, bu da portalın istifadəyə verilməsindən etibarən e-xidmətlərlə bağlı müraciətlərin ümumi sayının 30 faizinə bərabərdir. Bu, açıq-aydın göstərir ki, portala çox böyük tələbatla istifadə olunan və vətəndaşların ehtiyaclarını tam təmin edən elektron xidmətlər inteqrasiya etdirilir”.

Əlaqələndiricinin sözlərinə görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi e-hökumət portalının operatoru olaraq, digər dövlət qurumları ilə sıx əməkdaşlıq edir və vətəndaşlar üçün elektron xidmətlərin formalaşdırılmasında əsas rol oynayır: “Məsələn, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin VEMTAS sistemi vasitəsilə göstərilən e-xidmətlərindən çox böyük tələbatla istifadə olunur. Həmçinin Dövlət Gömrük Komitəsinin elektron bəyannamə xidmətinə böyük tələbat var. Son aylarda bu xidmətlərə görə müraciətlərin sayı üzrə statistik göstəricilər təqribən 1 milyona çatır. Hazırda portala 41 dövlət qurumunun 423 elektron xidməti inteqrasiya etdirilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti