...

Azərbaycanda "Bilik evləri" yaradılacaq

Cəmiyyət Materials 24 İyul 2014 11:58 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında yeni yaradılan Bilik Fondu ölkə daxilində "Bilik evləri", filiallar, ölkə xaricində nümayəndəliklər yaradacaq. Bu barədə Trend-ə Fondun mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanda "Bilik evləri" yaradılacaq

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Respublikasının Prezidenti yanında yeni yaradılan Bilik Fondu ölkə daxilində "Bilik evləri", filiallar, ölkə xaricində nümayəndəliklər yaradacaq. Bu barədə Trend-ə Fondun mətbuat xidmətindən məlumat verilib.

Fondun məlumatında o da qeyd edilib ki, Bilik Fondunun Himayəçilik Şurasının ilk toplantısında iştirak edən Himayəçilik Şurasının sədri, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sözlərinə görə, Azərbaycanın dinamik inkişafı, beynəlxalq aləmə inteqrasiyası ilə əlaqədar təhlillərin aparılması, sosial-iqtisadi proseslərin mahiyyətinin ictimaiyyətə çatdırılması da Bilik Fondunun əsas vəzifələri sırasındadır.

Fondun Himayəçilik Şurasının üzvü, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev bildirib ki, əhalinin daha çox maarifləndirilməsi və savadlandırılması məqsədilə yaradılan Bilik Fondu ölkədə ideoloji istiqamətdə fəaliyyət göstərən qurumların məntiqi halqasıdır. Fond gənclərin bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək olacaq, Azərbaycan gənclərinin onlar üçün yaradılan şəraitdən faydalanmasına təkan verəcək.

Sonra Bilik Fondunun icraçı direktoru Oktay Səmədovun hesabatı dinlənilib. O, görülən işlər və Fondun iş planı haqqında ətraflı məlumat verib. Şura üzvləri hesabatı hərtərəfli müzakirə edərək yüksək qiymətləndiriblər və Fondun fəaliyyət istiqamətləri ilə bağlı müəyyən tövsiyələr veriblər.

Xatırladaq ki, ölkə əhalisini maarifləndirmək, dövlətin daxili və xarici siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi proseslərin mahiyyətini ictimaiyyətə çatdırmaq məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 7 may 2014-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yaradılıb. Fondun nizamnaməsinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik A.Əlizadə Bilik Fondunun fəaliyyətinə ümumi nəzarəti həyata keçirən Himayəçilik Şurasının sədri, O.Səmədov isə prezidentin digər sərəncamı ilə Bilik Fondunun icraçı direktoru təyin edilib.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti və Fondun icraçı direktorunun da daxil olduğu 9 nəfərdən ibarət Himayəçilik Şurasının digər 7 üzvü də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyul 2014-cü il tarixli sərəncamı ilə təsdiq olunub. Sərəncama əsasən, Abdullayev Kamal Mehdi oğlu, Ələkbərov Urxan Kazım oğlu, Əmiraslanov Əhliman Tapdıq oğlu, Həsənli Sabir Hüseyn oğlu, Nemətov Azərpaşa Zəfər oğlu, Qafarova Sahibə Əli qızı, Qurbanlı Mübariz Qəhrəman oğlu 4 il müddətində Bilik Fondunun Himayəçilik Şurasının üzvü kimi fəaliyyət göstərəcəklər.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ölkə əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərinin artırılmasına xidmət edən, qloballaşma şəraitində cərəyan edən prosesləri təhlil etmək bacarığı aşılayan, azərbaycançılıq məfkurəsinin mahiyyətini və milli-mənəvi, dini dəyərləri təbliğ edən, Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mahiyyətini ictimaiyyətə çatdıran qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti