...

İƏT Gənclər Forumu Şimali Afrika regionu üzrə beynəlxalq məşvərət iclası keçirib (FOTO)

Gündəm Materials 6 İyul 2018 12:16 (UTC +04:00)

Bakı. Trend:

Mərakeş Krallığının paytaxtı Rabat şəhərində İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun təşkilatçılığı ilə Şimali Afrika ölkələrinin quruma üzv təşkilatlarının, eləcə də Mərakeşdə fəaliyyət göstərən aparıcı gənclər təşkilatlarının iştirakı ilə Şimali Afrika üzrə İƏT gənclərinin beynəlxalq məşvərət iclası keçirilib.

Trend-in məlumatına görə, məşvərət iclasının əsas məqsədi bu ilin aprel ayında Bakıda keçirilmiş İƏT Gənclər və idman nazirlərinin 4-cü konfransında qəbul edilmiş İƏT gənclər strategiyası və gənclərin birgə fəaliyyət planı sənədlərinin reallaşdırılması, icrası və bu istiqamətdə yeni ideyaların və layihələrin müzakirə edilməsi idi.

Tədbirə sədrlik edən İƏT Gənclər Forumu Avrasiya üzrə Regional Mərkəzinin direktoru Elçin Əsgərov təşkilatın sədri səfir Elşad İskəndərovun iştirakçılara ünvanlanan müraciətini oxuyub. Müraciətdə Elşad İskəndərov gənc liderləri kreativ ideyalar ətrafında müzakirələr aparmağa və gənclər strategiyasının icrası ilə bağlı layihələrdə Afrika regionu gənclərini aktiv olmağa, bu layihələrdən regionun inkişafı üçün maksimum yararlanmağa çağırıb.

Daha sonra İƏT Gənclər Forumunun əməkdaşı Alpay Əhmədov Forumun həyata keçirdiyi beynəlxalq layihələr - gənclər sivilizasiyaların ittifaqı uğrunda, Xocalıya ədalət beynəlxalq məlumatlandırma kampaniyası, İƏT gənc iş adamları şəbəkəsi, İƏT modeli beynəlxalq münasibətlər akademiyası, İƏT gənclər paytaxtı, İƏT startap və digər layihələr haqda geniş təqdimatla çıxış edib.

Tədbirin davamında iştirakçılar gənclər strategiyası ətrafında geniş müzakirələr aparıb, işçi qruplara bölünərək bu strategiyanın icrası ilə bağlı tək Afrikada deyil, Orta və Yaxın Şərqdə də gəncləri narahat edən siyasi, sosial-iqtisadi və mədəni problemlərlə bağlı yeni ideyalar irəli sürüb, strategiya çərçivəsində icra oluna biləcək layihələr hazırlayıblar. Müzakirələrin nəticələri olaraq qeyd olunan, həmçinin təhsil, ekstremizm və gənclər arasında işsizlik mövzuları ilə bağlı müvafiq layihələ ideyalarının təqdimatları baş tutub.

İƏT Gənclər Forumu bu layihələrin ən uğurlu olanlarını gənclər strategiyasının icrası çərçivəsində qismən maliyyələşdirilməsi və həyata keçirilməsini təmin edəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti