...

Azərbaycan XİN: Almaniya deputatının adı indi deyil, 2014-cü ildə "arzuolunmaz şəxslər" siyahısına salınıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Avqust 2018 12:48 (UTC +04:00)
Almaniya deputatının adı indi deyil, 2014-cü ildə "arzuolunmaz şəxslər" siyahısına salınıb.
Azərbaycan XİN: Almaniya deputatının adı indi deyil, 2014-cü ildə "arzuolunmaz şəxslər" siyahısına salınıb

Bakı. Elçin Mehdiyev - Trend:

Almaniya Bundestaqının deputatı Albert Vayler 2014 və 2016-cı illərdə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib və ona görə də həmin dövrdən etibarən onun adı "arzuolunmaz şəxslər" siyahısına daxil edilib.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Almaniyanın "Bild" qəzetinin alman deputata Azərbaycan ərazisinə girişin qadağan edilməsi barədə yaydığı məlumatlara münasibət bildirərkən deyib.

H.Hacıyev bildirib: "Bəzi xarici kütləvi informasiya vasitələrində qeyd olunur ki, onun adı sanki indi həmin siyahıya salınıb. Bu məlumat düzgün deyil, yəni onun adı artıq 2014-cü ildən "arzuolunmaz şəxslər" siyahısındadır. Həmin insan qanunsuz olaraq Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə səfər edib. Ölkələrin ərazi bütövlüyünə, suverenliyinə, qanunlarına hörmət edilməsi mütləq şəkildə vacibdir və bu əsnada da Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfərlər ölkəmizin qanunlarının pozulması halıdır".

XİN rəsmisinin sözlərinə görə, bununla belə, Azərbaycanın məsələdə mövqeyi konstruktiv xarakter daşıyır, belə ki, bilavasitə Azərbaycana qarşı fəaliyyət aparmayan şəxslər bu kimi səfərlərdən sonra üzrxahlıq məktubları ilə müraciət etdikləri təqdirdə və Azərbaycanın ərazi bütövlüyünə və qanunlarına hörmət etdiklərini ifadə etdikləri halda onların adlarının siyahıdan çıxarılması kimi hallara baxıla bilər və belə bir təcrübə var:

"Həmin şəxs tərəfindən də müraciət olunarsa, bu kimi hala baxa bilərik, amma hazırda onun tərəfindən bizə belə bir müraciət daxil olmayıb. Ona görə də onun Azərbaycan Rspublikası ərazisinə daxil olmasına qadağa mövcuddur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti