Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı uşağı öldürməyə cəhddə təqsirləndirilən Mövsüm Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Prosesdə məlum olub ki, M.Bağırov hadisəni anlaqsız vəziyyətdə törədib. Məhkəmə onun barəsində yenidən tibbi-ekspertiza təyin edib.
Proses bu səbəbdən qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
İttihama görə, bu il paytaxtın Xəzər rayonunda 1998-ci il təvəllüdlü Mövsüm Bağırov qonşuluqda olan 7 yaşlı uşağın başına daş çırparaq öldürməyə cəhd edib. Yaralı uşaq xəstəxanaya çatdırılıb.
Hadisəyə səbəb uşağın M.Bağırovun yanında pirotexniki vasitədən istifadə etməsi olub. Polis tərəfindən saxlanan M.Bağırova Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhd) maddəsi üzrə ittiham irəli sürülüb.