Bakı. Trend:
Azərbaycan mediasının iqtisadi dayanıqlığının möhkəmləndirilməsi zaman-zaman ölkə mediasının gündəmə gətirdiyi məsələlər sırasındadır. Mətbuat qurumlarının rəhbərləri, media ekspertləri beynəlxalq təcrübəyə istinad edərək medianın biznes subyekti kimi möhkəmlənməsinə dair fikirlər səsləndirməkdədirlər.
Bu yöndə atılacaq addımlarla bağlı Trend-in suallarını Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov cavablandırıb.
Ə.İsmayılov bildirib ki, Medianın İnkişafı Agentliyi ölkə mediasının biznes modelinə keçidinin sürətləndirilməsi məqsədilə media subyektləri, jurnalistlər və ekspertlərlə çoxsaylı görüşlər keçirərək müxtəlif təkliflər alıb. Bütün rəy və təkliflər təhlil edilərək sistemləşdirildikdən sonra Agentlik hazırladığı inkişaf konsepsiyasının müddəalarını aidiyyəti dövlət orqanları ilə müzakirə etməkdədir:
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə yaradılmış Medianın İnkişafı Agentliyinin nizamnaməsində kifayət qədər geniş spektri əhatə edən fəaliyyət istiqamətləri öz əksini tapıb. Agentlik, ilk növbədə, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsini, maddi-texniki bazasının möhkəmləndirilməsini, infrastrukturun modernləşdirilməsini, müvafiq sahədə yeni iqtisadi modelin yaradılmasını hədəfləyir və bu istiqamətdə atılacaq addımlara dəstək göstərir. Maddi dəstəyə ehtiyacı olan media subyektlərinə müsabiqə əsasında maliyyə yardımının göstərilməsi təmin edilib, jurnalistlərin və media subyektlərinin layihələrdə iştirakını asanlaşdırmaq üçün “Elektron informasiya bankı” yaradılıb. Media və biznes strukturları arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişaf etdirilməsi istiqamətində tədbirlər görülməyə başlanılıb və bu tədbirlər davamlı xarakter daşıyır. Medianın İnkişafı Agentliyinin media və biznes strukturları arasında əlaqələndirici platforma rolunu oynaması media subyektləri tərəfindən dəstəklənir”.
İcraçı direktorun sözlərinə görə, ölkə mətbuatının qarşılaşdığı sosial-iqtisadi çətinliklərin aradan qaldırılması ilə bağlı Agentliyə daxil olmuş rəy və təkliflər beynəlxalq təcrübə fonunda təhlil olunub, onların hüquqi və iqtisadi aspektləri dəyərləndirilib, görüləcək sistemli fəaliyyətin detalları dəqiqləşdirilib:
“Media subyektlərinin biznes münasibətlərində aktivliyini təmin etmək məqsədilə onlara vergi güzəştlərinin və tətillərinin tətbiq olunması, digər biznes strukturlarının mediada reklam verməyə təşviq edilməsi istiqamətində araşdırmalar aparılıb. Qeyd olunan çoxmərhələli prosesin yekunu olaraq yaxın zamanlarda ümumiləşdirilmiş layihələrlə çıxış etməyi planlaşdırırıq. Təbii ki, media subyektlərinin əhatə dairəsi geniş olduğundan spesifik xarakterli problemlərlə də qarşılaşmağımız qaçılmazdır və biz bütün bunların hamısını diqqətdə saxlayır, davamlı müzakirələr aparırıq”.
Ə.İsmayılov vurğulayıb ki, medianın inkişafı yönündə dövlətin verdiyi qərarların məzmununa nəzər salsaq görərik ki, Azərbaycan mediasının iqtisadi dayanıqlığının gücləndirilməsi, müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində olub. Medianın İnkişafı Agentliyi də öz işini media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, müvafiq sahədə yeni iqtisadi modelin formalaşdırılması, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması üzərində qurub:
“Sevindirici haldır ki, həyata keçirdiyimiz layihələrin müasir dövrün tələbləri ilə uzlaşdığını, mediaya yeni yanaşmanın formalaşmasına zəmin yaratdığını media ictimaiyyəti də bildirir və Agentliyin təşəbbüslərinə pozitiv reaksiya verirlər. Medianın inkişafına nail olmaq məqsədilə irəli sürdüyümüz və icra etdiyimiz bütün layihələr beynəlxalq mediada gedən müasir prosesləri özündə ehtiva edir və Azərbaycan media subyektlərinin peşəkarlığının artırılması ilə yanaşı, onların simasının müasirləşməsini, beynəlxalq rəqabət imkanlarının yüksəldilməsini hədəfləyib. Düşünürük ki, həm dövlətin dəstəyi, həm biznes strukturları ilə əlaqələrin intensivləşməsi, həm də media menecmentin təkmilləşməsi nəticəsində mediamızın qarşılaşdığı sosial-iqtisadi çətinliklərin aradan qaldırılması mümkündür”.