...

Niderland Səfirliyi ADA Universitetinə günəş/külək enerjisi istehsal edən turbin bağışlayıb (FOTO)

Gündəm Materials 8 Aprel 2023 10:23 (UTC +04:00)
Niderland Səfirliyi ADA Universitetinə günəş/külək enerjisi istehsal edən turbin bağışlayıb (FOTO)

Bakı. Trend:

Bu gün ADA Universitetində Niderland Krallığının Azərbaycandakı səfirliyi tərəfindən universitetə hədiyyə edilmiş günəş/külək enerjisi istehsal edən turbinin açılış mərasimi keçirilib.

Trend xəbər verir ki, eko-art dizaynlı, lalə şəklində olan turbin Niderlandın rəmzini təmsil edir və Niderlandın “Flower Turbines” şirkəti tərəfindən hazırlanıb. O, həm külək, həm də günəş enerjisi istehsal etməklə "yaşıl" enerji yaradır, təbiətdəki quşlar və digər canlılar üçün təhlükəli deyil və çox az səslə işləyir. Turbinlə istehsal edilən təmiz enerji tələbələrin istifadəsi üçün, cihazlarını və velosipedlərini/skuterlərini enerji ilə doldurmaq üçün nəzərdə tutulub.

Universitetin prorektoru cənab Fariz İsmayılzadə açılış nitqində qonaqları salamladı, unikal və dəyərli hədiyyəyə görə Niderlandın səfirliyinə təşəkkür etdi.

Niderlandın səfiri xanım Pauline Eizema qeyd etdi ki, “Həm Niderland, həm də Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə və Paris iqlim məqsədlərinə nail olmaq üçün çalışır. Bu məqsədlərə nail olmaq üçün davamlı, yaşıl iqtisadiyyata keçid və beynəlxalq əməkdaşlıq, eləcə də bu sahədə hökumətlər, özəl sektor, təhsil və tədqiqat institutları və vətəndaş cəmiyyəti arasında güclü tərəfdaşlıq uğurun mühüm amilləridir”.
Səfir bu hədiyyənin məqsədini izah edərkən qeyd etdi ki, “Səfirlik bu hədiyyə vasitəsilə davamlılığa konkret töhfə vermək və gənc nəsil arasında davamlı enerji istifadəsini təşviq etmək məqsədi güdür və hökumət, özəl sektor və digər maraqlı tərəflərin dəstəyi ilə bu unikal təcrübənin ölkədə geniş tətbiq olunacağına ümid edir”.

O çıxışında 2022-ci ilin iyun ayında Dünya Bankı Qrupunun Azərbaycanın Energetika Nazirliyi ilə birgə hazırladığı yol xəritəsinə istinad etdi ki, bu yol xəritəsində Niderlandın dəniz küləyinin inkişafında keçdiyi yol Azərbaycan üçün nümunə kimi diqqət mərkəzində saxlanılır və bu da səmərəli dəniz küləyinin işlənməsi və dənizdə turbinlərin quraşdırılmasında qabaqcıl təcrübəli ölkələrdən biri kimi Niderlandın bu sektorda iştirakını arzuolunan edir. Bu baxımdan o, Niderland şirkətlərinin bu sektorda iştirakda çox maraqlı olacağını vurğulayıb.

Tədbirdə Niderland Universitetlərinin məzunları da iştirak edib və onlar Niderlandda yaşıl enerjidən istifadə sahəsində təcrübələrini bölüşmüş və bu təcrübənin inkişafını ölkəmizdə necə görmək istədiklərini ifadə etmişlər. Olimpiya Mədəniyyəti və Təhsil Proqramı çərçivəsində Niderlandı təmsil edən Bakının 7 saylı tam orta məktəbi də şagird və müəllim heyəti ilə birlikdə tədbirdə iştirak edib.

ADA Universiteti, həmçinin, Niderlandla 2013-cü ildən Maastrixt Universiteti ilə ikili magistr dərəcəsi proqramı üzrə əməkdaşlıq edir və indiyə qədər universitetin 120 ikili diploma malik məzunu var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti