...

Azərbaycanda cəza çəkən xarici vətəndaş öz ölkəsinə ekstradisiya olundu (YENİLƏNİB)

Gündəm Materials 11 Aprel 2024 14:05 (UTC +04:00)
Azərbaycanda cəza çəkən xarici vətəndaş öz ölkəsinə ekstradisiya olundu (YENİLƏNİB)
Madina Usmanova
Madina Usmanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda cəza çəkən xarici vətəndaş öz ölkəsinə ekstradisiya olunub.

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, baş prokurorluq tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Qazaxıstan Respublikasının Baş Prokurorluğunun vəsatəti əsasında Azərbaycan Respublikasının ərazisində cəza çəkən həmin ölkənin vətəndaşı Qabitov Rinat Tursuntayeviçin 3 ay müddətinə Qazaxıstan Respublikasına verilməsi haqqında qərar qəbul olunub.

Belə ki, Qazaxıstan Respublikasının hüquq mühafizə orqanları tərəfindən istintaqı aparılan cinayət işi üzrə Rinat Qabitovun mütəşəkkil dəstənin yaradılması, təkrar törədilən iqtisadi qaçaqmalçılıq və gömrük ödənişlərinin ödənilməsindən boyun qaçırma cinayətlərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

Rinat Qabitov aprelin 10-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Qazaxıstan Respublikasının səlahiyyətli orqanlarının əməkdaşlarına təhvil verilib.

xxx

10:51

Astana. Trend:

Qazaxıstan Baş Prokurorluğu və Maliyyə Monitorinqi Agentliyinin əməkdaşları tərəfindən Xarici İşlər Nazirliyinin yardımı ilə mütəşəkkil cinayətkar dəstə yaratmaqda və rəhbərlik etməkdə şübhəli bilinən şəxs cinayət məsuliyyətinə cəlb olunmaq üçün Azərbaycandan Qazaxıstana ekstradisiya olunub.

Trend xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, şübhəli 2016-2018-ci illərdə Qazaxıstana qaçaqmalçılıq yolu ilə xalq istehlakı malları gətirməklə məşğul olan, həmçinin, gömrük ödənişləri və vergiləri ödəməkdən yayınan cinayətkar dəstəyə bilavasitə rəhbərlik edib. Sözügedən fəaliyyət nəticəsində dövlətə 4 milyard tengedən (8,8 milyon dollar) artıq zərər dəyib.

Həmin şəxs cinayətləri törətdikdən sonra istintaqdan gizlənib və beynəlxalq axtarışa verilib.

Daha sonra şübhəli Azərbaycan ərazisində müəyyən edilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu Qazaxıstan Baş Prokurorluğunun şübhəlinin təhvil verilməsinə dair sorğusunu təmin edib.

Hazırda şübhəli Aktau şəhərində istintaq təcridxanasında saxlanılır.

İttiham olunduğu cinayətə görə ona qarşı əmlakı müsadirə olunmaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Qeyd edək ki, 2019-cu ilin dekabrında Manqistau vilayətinin məhkəməsi tərəfindən həmin mütəşəkkil cinayətkar dəstənin fəaliyyətində iştirak edən 12 nəfər artıq müxtəlif növ cəzalara məhkum edilib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti