Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir İ.İzzət/
Bakı-Şamaxı yolunda baş verən zəncivari qəzada 4 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 26-da saat 23 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini Nadir Şükürovun idarə etdiyi "Mercedes", Şamaxı rayon sakini Bahadur İbadovun idarə etdiyi "VAZ-21011" və Şəki rayon sakini Murad Abdulhəmidovun idarə etdiyi "Mitsubishi" markalı avtomobillər toqquşub.
Nəticədə N.Şükürovun sərnişinlərindən - Bakı şəhər sakini Gülbəniz Dibirova, habelə B.İbadov və onun sərnişinləri, qızları Ceyran və Zəhra hadisə yerində ölüblər. N.Şükürov və digər sərnişinləri - Bakı şəhər sakinləri Purim Şamayılova, Fəridə Əliyeva, habelə B.İbadovun digər sərnişinləri - arvadı Arifə İbadova, Şamaxı rayon sakini Vidadi Novruzov, eləcə də M.Abdulhəmidov və sərnişini - Ağdaş rayon sakini Elşən Rüstəmov xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.