...

Çimərlik mövsümündə 196 nəfərin həyatı xilas olunub

Hadisə Materials 23 İyul 2007 13:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Cari ilin əvvəlindən etibarən xilasedicilər 196 nəfərin həyatını xilas ediblər. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, xilas olunanların 179 nəfəri dövlət çimərliyinin, 13-ü özəl və 4-ü isə qeyri-çimərliyin payına düşür. Lakin dövlət çimərliklərindən, xilasetmə məntəqələri və postlarından kənarda təhlükə ilə üzləşənlərin sayı hələ də çoxdur. Xəbərdarlıq nişanları, çimmək üçün icazə verilən yazılar və məhdudlaşdırıcı nişanlar vurulmasına baxmayaraq, əksər hallarda vətəndaşlar tərəfindən həmin qadağalara məhəl qoyulmur ki, bu da nəticə etibarilə onların suda batmasına gətirib çıxarır.

Nazirlik çimərliyə gələn şəxslərin spirtli içki qəbul edib sərxoş halda çimməsindən, uşaqların nəzarətsiz buraxılmasından narahatlıq bildirir.

Ötən illərin statistikası göstərir ki, suda boğulanlar arasında uşaqlar və yeniyetmələr üstünlük təşkil edir.

Araşdırmalara əsasən, bəzən vətəndaşlar küləkli havada suya girməyə can atırlar ki, bu da sonu bəlli olan fəlakətlə nəticələnir. Nazirlik vətəndaşların diqqətinə çatdırır ki, güclü küləkli havada, dalğanın hündürlüyü 3 baldan artıq olarsa çimmək qəti qadağandır. Eyni zamanda, çimərlik zonasının işarələnmiş sərhədlərindən kənarda çimmək, su axınlarında sahildən 20 metrdən artıq məsafəyə üzmək, müxtəlif növ gəmi, qayıq, sal, barj, körpü və debarkaderlərə, həmçinin digər texniki qurğulara üzərək yanaşmaq, texniki qurğuların xəbərdarlıq nişanlarının üzgəç və bakenlərin üstünə dırmaşmaq yolverilməzdir. Dövlət Sularda Xilasetmə Xidmətinin cari mövsümdə tabeliyində olan 43 məntəqə və 21 postu texniki avadanlıq və xüsusi vasitələrlə təmin edilib.

Xəbər lenti

Xəbər lenti