...

Avropa İttifaqı Cənubi Qafqazda münaqişələrin qarşısını almaq üçün vəsait ayırmalıdır – xüsusi nümayəndə

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Fevral 2011 17:18 (UTC +04:00)
Cənubi Qafqaz regionunda münaqişələrin həll olunmaması regionun sabitliyi üçün əsas təhlükə mənbəyi olaraq qalır. Trend-in məluamtına görə, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi belə düşünür.
Avropa İttifaqı Cənubi Qafqazda münaqişələrin qarşısını almaq üçün vəsait ayırmalıdır – xüsusi nümayəndə

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir E.Tariverdiyeva/

Cənubi Qafqaz regionunda münaqişələrin həll olunmaması regionun sabitliyi üçün əsas təhlükə mənbəyi olaraq qalır. Trend-in məluamtına görə, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi belə düşünür.

"Cənubi Qafqazda həll edilməyən münaqişələr hələ də regionda sabitlik üçün əsas təhlükədir.  Dağlıq Qarabağda təhlükəsizlik sahəsində vəziyyət xüsusi narahatlıq doğurur", - Semnebi cümə axşamı Vyanada ATƏT-in Daimi Şurasının iclasında deyib.

O, münaqişə tərəflərini atəşkəs rejiminin qorunması üzrə razılığın möhkəmləndirilməsinə çağırıb və Aİ, digər beynəlxalq təşkilatları Gürcüstan, Ermənistan və Azərbaycana təsirini fəallaşdırmağa səsləyib, ATƏT-in məlumatında deyilir.

"Aİ-nin Cənubi Qafqaza cəlb edilməsi görünən, hiss edilən və davamlı olmalıdır", - o, qeyd edib.

Semnebinin sözlərinə görə, beynəlxalq təşkilatlar münaqişələrin stabilləşdirilməsi, nizamlanması və həlli üzrə səylərinə tam sadiq qalmalıdır. "Xüsusilə, bu, ATƏT-in regionun həyatına cəlb edilməsinə aiddir", - Semnebi vurğulayıb.

Onun sözlərinə görə, məsələn, ATƏT missiyasının Gürcüstandan çıxarılması ATƏT-in tərəfdaşları tərəfindən kəskin şəkildə hiss edilir.

ATƏT-in Gürcüstandakı missiyası ölkədən 2009-cu ilin iyununda çıxarılıb. ATƏT-in 56 iştirakçı dövləti təşkilatın mandatının uzadılması barədə konsensusa gələ bilməyiblər.

Semnebi Aİ-nin Cənubi Qafqaz ölkələri ilə qarşılıqlı fəaliyyət üzrə "Şərq tərəfdaşlığı" proqramını və üç ölkədə demokratik problemlərin inkişafını da müzakirə edib.

"Şərq tərəfdaşlığı"ının əsas məqsədi siyasi birləşməyə nail olmaq, Aİ və tərəfdaş ölkələr arasında ikitərəfli dərin və çoxəhatəli azad ticarət zonasının yaradılması, viza rejiminin sadələşdirilməsi üzrə əsaslı addımların atılmasıdır. "Şərq tərəfdaşlığı", həmçinin insanlar arasında əlaqələr, elmi-mədəni əməkdaşlığın inkişafı və möhkəmlənməsini stimullaşdırır.

Semnebi münaqişələrin qarşısını almaq üçün vəsaitlərin ayrılmasının mümkünlüyünü də qeyd edib.

"Regionun mövcud münaqişəli potensialı ilə əlaqədar olaraq, münaqişələrin qarşısının alınması artıq yubanmış münaqişələrdə iştirakla yanaşı, lazımi prioritetdir", - Semnebi qeyd edib.

Onun sözlərinə görə, münaqişələrin qarşısının alınması və onun nəticələrinin yüngülləşdirilməsi  regionun təhlükəsizliyi ilə bağlı olan siyasi iştiraka və rəsmi danışıqlara əlavə olaraq, təhlükəsizliyin təmininə insani yanaşmanı tələb edir. "Bu yanaşma ayrı-ayrı şəxslərin roluna yönəlib və beynəlxalq ictimaiyyətin vətəndaş mədəniyyətinin möhkəmləndirilməsi, əhali ilə dialoq üçün vətəndaş cəmiyyətinin dəstəklənməsi kimi müxtəlif alətlər dəstini tələb edir", - Semnebi deyib.

O, qeyd edib ki, ATƏT Aİ-nin xüsusilə Cənubi Qafqazda demokratiyanın irəliləməsi, hüququn aliliyi, insan hüquqlarına və KİV azadlığına riayət olunması sahəsində əsas tərəfdaşı və platforması olaraq qalır.

"Buna görə əminəm ki, ATƏT Gürcüstanda sosial sahədə fəaliyyətini yenidən başlamaq üçün üsul tapmalıdır. ATƏT-in tədbirləri münaqişənin əsiri olmamalıdır. ATƏT-in missiyasının dayandırılması təkcə münaqişələrin qarşısının alınması və nizamlanması deyil, həm də demokratikləşmə və insan hüquqları sahəsində də vakkum yaradır", - Semnebi qeyd edib.

Daimi Şura qərarların qəbul edilməsi prosesində ATƏT-in əsas institutudur. O hər həftə Vyanada ATƏT regionunda hadisələrin müzakirəsi və müvafiq qərarların qəbul edilməsi üçün çağrılır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti