...

Oqtay Əsədov: Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması müəyyənləşdirilməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Fevral 2012 12:59 (UTC +04:00)
Fransa ATƏT-in Minsk qrupu həmsədrliyində mənəvi haqqını itirib, lakin hüquqi haqqını itirməyib.
Oqtay Əsədov: Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması müəyyənləşdirilməlidir

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir M.Əliyev/

Fransa ATƏT-in Minsk qrupu həmsədrliyində mənəvi haqqını itirib, lakin hüquqi haqqını itirməyib. Trend-in məlumatına görə, bunu Milli Məclisin çərşənbə günü keçirilən iclasında çıxışı zamanı spiker Oqtay Əsədov deyib.

"Biz Fransanın həmsədrlikdən uzaqlaşdırılmasının hüquqi formasını müəyyənləşdirməliyik. Bu, bizim istəyimizdən asılı məsələ deyil", - Əsədov bildirib.

Deputat Zahid Oruc isə deyib ki, ATƏT-in Minsk qrupunun fəaliyyətini tənzimləyən hüquqi müstəvi yaradılmalıdır.

Onun sözlərinə görə, Dağlıq Qarabağ probleminin həlli ATƏT-in Minsk qrupuna daxil olan həmsədr ölkələrin güc nisbətindən asılıdır.

Millət vəkili Vahid Əhmədov da öz çıxışında Fransanın Minsk qrupundan uzaqlaşdırılması məsələsinin Milli Məclisdə qaldırılmasının vacibliyini vurğulayıb.

Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti