Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir E.Mehdiyev/
Bir sıra beynəlxalq ekspertlər Xocalı soyqırımına beynəlxalq hüquqi qiymət verilməsində Azərbaycanla daha sıx əməkdaşlığa hazırdır.
Trend-in məlumatına görə, bu fikir Azərbaycanın Macarıstandakı səfirliyi və mərkəzi ofisi Budapeştdə yerləşən Soyqırım və Kütləvi Qırğının Beynəlxalq Səviyyədə Qarşısının Alınması üzrə Fondun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilmiş "Təcrübədə soyqırım və kütləvi qırğının qarşısının alınması: Qərbi Balkanlarda və Cənubi Qafqazda beynəlxalq yurisdiksiyanın rolu" adlı beynəlxalq konfrans zamanı səsləndirilib.
Azərbaycanın Macarıstandakı səfirliyindən cümə günü Trend-ə verilən məlumata görə, konfrans zamanı Xocalı faciəsi beynəlxalq təşkilatların nümayəndələri və beynəlxalq hüquq üzrə tanınmış ekspertlər tərəfindən müzakirə edilib.
Konfransda Avropa İttifaqının, Yuqoslaviya üzrə beynəlxalq tribunalın rəsmiləri, BMT və ATƏT-in keçmiş səfirləri, ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin başçıları, ictimai-siyasi xadimlər və jurnalistlər iştirak edib.
Konfransı giriş sözü ilə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və Fondun direktoru Dyörd Tatar açıb.
Xocalı və Srebrenitsa soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfrans öz işini üç bölmədə davam etdirib.
Dyörd Tatarın rəhbərliyi altında keçirilən "Qərbi Balkanların təcrübəsi və dərsləri" adlı birinci bölmədə keçmiş Yuqoslaviya üzrə beynəlxalq tribunal prokurorunun xüsusi müşaviri Frederik Svinen, Avropa Birliyi xarici siyasət xidmətinin bölmə rəhbəri Yonas Yonson, Bosniya-Herseqovina prokurorluğunun müharibə cinayətləri üzrə xüsusi şöbənin təhqiqatçısı Alfredo Strippoli, Srebrenitsa soyqırımının şahidi Həsən Nuhanoviç, Srebrenitsa Soyqırımı məktəbinin rəhbəri Məhəmməd Durakoviç çıxış ediblər.
Beynəlxalq hüquq üzrə tanınmış mütəxəssis, Macarıstan EA-nın akademiki Həmzə Qaborun moderator olduğu "Cənubi Qafqazda imkanlar və çağırışlar" bölməsində Ferrara Universitetinin professoru Serena Forlatti (İtaliya), Leçestr Universitetinin professoru Pol Behrens (Böyük Britaniya), Azərbaycan Respublikasının insan haqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xüsusi işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri Ülvi Əhmədov, Xocalı soyqırımının şahidi, jurnalist Səriyyə Müslümqızı çıxış edərək XX əsrdə insanlığa qarşı işlənmiş ən qəddar cinayətlərindən biri olan Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüblər.
Macarıstan xarici işlər nazirinin keçmiş müavini, Korvinus Universitetinin professoru Andre Erdöşün rəhbərliyi altında keçən "Qərbi Balkanlarda və Cənubi Qafqazda beynəlxalq güclərin məsuliyyəti" adlı üçüncü paneldə Avropa İttifaqının təmsilçisi Yonas Yonsson, ATƏT-in Bakı ofisinin keçmiş rəhbəri, səfir Aleksandr Kornelisson (Niderland), Azərbaycanın Macarıstandakı səfirliyinin müşaviri Anar İmanovun çıxışları dinlənilib.
Müzakirələrdə Macarıstan ombudsmanı Mate Sabo, habelə Macarıstan parlamentinin, Azərbaycan Milli Məclisinin, Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndələri, İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumunun xüsusi koordinatoru və bir sıra digər iştirakçılar çıxış ediblər.
Beynəlxalq konfrans iştirakçılarına Xocalı soyqırımı barədə sənədli film nümayiş etdirilib.
Soyqırım və Kütləvi Qırğının Beynəlxalq Miqyasda Qarşısının Alınması Fondunun rəhbəri Dyörd Tatar və səfir Vilayət Quliyev konfransın işinə yekun vurublar.
Konfransda beynəlxalq cinayət hüququ üzrə mütəxəssislərdən ibarət işçi qrupunun yaradılması, onların Azərbaycana səfərinin təşkil olunması, hadisənin yerində araşdırılması, faciə qurbanları ilə şəxsi təmasların qurulması və Xocalı soyqırımına beynəlxalq hüquqi qiymət verilməsi ilə bağlı tövsiyələr səsləndirilib. Bir sıra beynəlxalq ekspertlər bu sahədə Azərbaycanla daha sıx əməkdaşlığa hazır olduqlarını bildirib.
Diqqətəlayiq haldır ki, ilk dəfə olaraq bu konfrans çərçivəsində Xocalıdakı kütləvi qırğın artıq beynəlxalq birlik tərəfindən soyqırımı cinayəti kimi tanınmış Serebrenitsa soyqırımı ilə bir müstəvidə müzakirə edilib, hər iki cinayət hadisəsinin törədilməsi arasında paralellər aparılıb. Bosniya müsəlmanlarına qarşı törədilmiş cinayətin təşkilatçılarının ardınca Xocalı soyqırımını törədənlərin də cinayət məsuliyyətinə cəlb edilmələri və beynəlxalq məhkəmə önünə çıxarılmaları tələb olunub.
Səfirlik beynəlxalq konfransın materiallarını "Xocalı-Srebrenitsa: faciəli paralellər" adı altında kitab şəklində çap etmək niyyətindədir.
Qeyd edək ki, 1992-ci il fevral ayının 14-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçiblər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər dörd gün düşmənlə mübarizə aparıb. Döyüşlərdə biri qadın olmaqla 14 nəfər həlak olub.