Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycana növbəti səfəri sentyabrın 18-də baş tutacaq. Bu barədə bazar ertəsi Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarov məlumat verib. Bakıda keçiriləcək danışıqlar zamanı diplomatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli perspektivlərini müzakirə edəcəklər.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1992-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası qaldırması zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə nail olmuş və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.