...

ADP sədri: "Müxalifət iqtidarın qəbul etməyəcəyi təkliflər verməklə heç nəyə nail olmayacaq"

Siyasət Materials 18 Oktyabr 2007 13:48 (UTC +04:00)
ADP sədri: "Müxalifət iqtidarın qəbul etməyəcəyi təkliflər verməklə heç nəyə nail olmayacaq"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifət partiyaları Seçki Məcəlləsinə təkliflər verərkən iqtidarın maraqlarını nəzərə almalıdır. Bu fikirləri Trend ə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bilidrib.

Azərbaycanın Seçki Məcəlləsinin təkmilləşdirilməsi məqsədilə hakimiyyətin və Avropa Şurası Venesiya Komissiyasının birgə təşkilatçılığı, siyasi partiyaların iştirakı ilə noyabrda Bakıda geniş tərkibli müzakirələr təşkil olunacaq. Müxalifət partiyaları Məcəlləyə dəyişikliklərlə bağlı ayrı-ayrılıqda təkliflər layihəsi hazırlayırlar.

ADP və daha beş müxalifət qurumunun təmsil olunduğu məşvərət məclisi də seçki qanunvericiliyinə dəyişikliklər layihəsi hazırlayıb. Həmin layihə üç müxalifətçi partiyanın təmsil olunduğu "Azadlıq" blokuna təqdim edilib. Cəlaloğlu bildirib ki, məşvərət qurumu öz təkliflərini "Azadlıq" bloku ilə uzlaşdırmaq niyyətindədir: "Biz seçki komissiyalarının tərkibinin formalaşdırılmasına dair beş variant təklif etmişik. Onlardan biri "Azadlıq" blokunun təkliflərinə çox yaxındır. Ümumiyyətlə, bizim təkliflərlə yalnız ağılsız adam razılaşmaya bilər"-deyə ADP sədri bildirib.

O, əlavə edib ki, Seçki Məcəlləsinə dair müxalifətin ümumi təkliflərini hazırlayarkən radikal olmayan, iqtidarın da qəbul edəcəyi təkliflər verilməlidir. Cəlaloğlu hesab edir ki, müxalifət indiyədək iqtidarın qane etməyən təkliflər verməsi nəticəsində hələ də yerində sayır: "Əvvəlcədən bilərəkdən iqtidarın qəbul etməyəcəyi təklifləri verməklə müxalifət heç nəyə nail olmayacaq"-deyə ADP sədri bildirib.

Onun sözlərinə görə, məşvərət qurumu ilə "Azadlıq" blokunun təkliflərini ümumiləşdirməsi noyabrın 9-da keçiriləcək toplantıya qədər baş tutacaq.

Sağ təmayüllü, müxalifətyönlü partiya olan ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən təsis edilib. Partiya bu ilin yanvarında hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kurs qəbul edib.

Xəbər lenti

Xəbər lenti