...

ABŞ-ın Azərbaycandakı səfiri siyasi partiya təmsilçiləri ilə prezident seçkilərini müzakirə edib

Siyasət Materials 7 May 2008 15:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 may/ Trend , müxbir İ.Əlizadə/ ABŞ-ın Azərbaycanda prezident seçkilərinin demokratik və şəffaf keçirilməsi üçün ayırdığı üç milyon dolların hansı sahələrə xərclənməsi məsələsi siyasi partiya nümayəndələrinin iştirakı ilə Birləşmiş Ştatların Bakıdakı səfirliyində müzakirə olunub. "Səfir Enn Dersi ilə keçirilən görüşdə yeddi müxalifət lideri və hakim Yeni Azərbaycan Partiyasının nümayəndəsi iştirak edib", -deyə çərşənbə günü Trend -a açıqlamasında görüşdə müxalifət nümayəndəsi kimi iştirak edən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı bildirib.

ABŞ Azərbaycanda prezident seçkilərinin demokratik və şəffaf keçirilməsi üçün üç milyon dollar vəsait ayırıb. Bu barədə ötən həftə ABŞ-ın Azərbaycandakı səfiri Dersi məlumat verib. Prezident seçkiləri oktyabrın 15-də keçiriləcək.

"Görüş ABŞ-ın Azərbaycandakı səfiri Dersinin təşəbbüsü ilə keçirilib və ayrılan üç milyon dolların xərclənməsi ilə bağlı müzakirələr aparılıb", -deyə partiya sədri əlavə edib.

Bir neçə gün əvvəl keçirilən görüşdə müxalifətdən VHP, Müsavat, Demokrat, Ümid, Xalq Cəbhəsi, Lideral partiyalarının sədrləri, "Azərbaycan Naminə" İctimai Forumun prezidenti və hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini iştirak edib.

"Müxalifət partiyaları ABŞ-ın ayırdığı yardımdan hakim partiyaya da müəyyən miqdarın verilməsinə etiraz etdilər", -deyə Rüstəmxanlı əlavə edib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Henik görüşün keçirildiyini təsdiq edib.

"Belə bir görüş keçirilib. Görüşdə prezident seçkiləri ilə bağlı ABŞ-ın ayırdığı yardım haqda müzakirələr aparılıb", -deyə diplomat əlavə edib.

Henik qeyd edib ki, üç milyon dollar vəsaitdən siyasi partiyalara birbaşa maliyyə yardımı ayrılmayacaq: "Ayrılan vəsait hesabına siyasi partiya nümayəndələrinə treniqlər keçiriləcək. Görüşdə bu məsələ geniş müzakirə olunub".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti