...

Azərbaycan və Türkiyənin siyasi partiyaları arasında görüş yanvarın sonunda keçirilə bilər

Siyasət Materials 16 Dekabr 2008 15:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentində təmsil olunan partiyalar Türkiyənin siyasi partiyalarının iştirakı ilə 2009 -cu il yarvarın sonunda Bakıda "Türkiyə -Ermənistan münasibətləri: mümkün gözləntilər" mövzusunda konfransın keçirilməsi haqqında qərar qəbul ediblər. "Biz belə bir qərara gəldik ki, Türkiyə və Ermənistan arasında aparılan danışıqları Türkiyə parlamentində təmsil olunan partiyaların iştirakı ilə müzakirə edək", - bu barədə çərşənbə axşamı jurnalistlərə görüşün keçirilməsi təşəbbüsü ilə çıxış edən Ana Vətən Partiyasının (AVP) sədri, parlamentin deputatı Fəzail Ağamalı bildirib.

Trend - un arayışı: İki ölkənin siyasi partiyaları arasında belə bir görüşün keçirilməsi Türkiyə -Ermənistan münasibətləri ilə əlaqədardır. Hər iki cəmiyyətdə yaranan narahatlğı aradan qaldırmaq üçün Azərbaycan və Türkiyənin siyasi partiyalarının yaranmış vəziyyəti müzakirə etməsi təklif olunur.

Ermənistan - Türkiyə əlaqələri 1993 - cü ildən kəsilib. Səbəb -- Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 % ərazisini işğal etməsi olub. Bu il sentyabrın 6 - da futbol üzrə Avropa Çempionatı qrup oyunları çərçivəsində keçirilən Ermənistan -Türkiyə oyununa Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

Türkiyə tərəfi Ermənistan -Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında da vasitəçilik etməyə çalışır. Bu məqsədlə Türkiyə xarici işlər naziri Əli Babacan Nyu - Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etdi.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) və müxalifət partiyaları tədbirə dəvət olunmayacaqlar.

Ağamalı qeyd edib ki, çərşənbə axşamı Ana Vətən, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ədalət, Böyük Quruluş və Vətəndaş Həmrəyliyi partiyalarının sədrləri məsələni müzakirə ediblər.

"Tezliklə Azərbaycanın beş partiyasının adından Türkiyə parlamentində təmsil olunan partiyalara dəvət göndərəcəyik. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası və parlamentdə müxalifəti təmsil edən Cümhuriyyət Xalq və Milliyyətçi Hərəkat partiyalarının nümayəndələrini Bakıya dəvət edəcəyik",- deyə Ağamalı əlavə edib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti