...

Azərbaycan NATO ilə əməkdaşlığın genişləndirilməsi üçün çox iş görüb – nazir müavini

Siyasət Materials 9 Aprel 2009 11:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel / Trend , müxbir D.İbrahimova / 

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov hesab edir ki, Azərbaycan NATO ilə əməkdaşlığın genişləndirilməsi üçün çox iş görüb.

"Bizim aramızda əməkdaşlıq daha da genişlənir, 1994-cü ildən NATO və Azərbaycan arasında siyasi dialoq inkişaf edir və bu daha da fəal olacaq", - deyə cümə axşamı jurnalistlərə Əzimov bildirib.

Onun sözlərinə görə, Azərbaycan həmişə Kosovo, Əfqanıstan və İraqda aparılan əməliyyatlarda iştirak etməklə NATO-nu dəstəkləyib. "Biz NATO-nu Əfqanıstanda təkcə hərbi deyil, qeyri-hərbi sahədə də dəstəkləyirik. Biz həmçinin alyans qüvvələrinə texniki dəstək veririk, treninqlər keçiririk", - deyə Əzimov qeyd edib.

Əzimovun fikrincə, Azərbaycan NATO-nun üzvü olmasa da, respublikanın alyans ilə əməkdaşlıq etməsi və birgə işi davam etdirməsi üçün bir çox sahələr var.

Azərbaycan ilə NATO arasında əməkdaşlığın əsası 1994-cü il 4 may tarixində "Sülh naminə tərəfdaşlıq" proqramının - çərçivə sənədin imzalanması ilə qoyulub.

Azərbaycan bu proqrama ilk qoşulan ATƏT-in 27 üzv dövlətindən olub.

Qarşılıqlı fəaliyyətin konkret istiqamətlərini müəyyən edən "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində rəsmi sənəd 1996-cı ilin aprel ayında imzalanıb. Hazırda Azərbaycan bu proqrama müvafiq olaraq üzərinə qoyulmuş təxminən 50 vəzifəni yerinə yetirir.

Azərbaycan Prezidenti İlham Əliyev 2005-ci il 3 avqust tarixində "Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlıq üzrə fəaliyyət Planının təsdiqi haqqında" Fərman imzalayıb.

Hazırda əməkdaşlıq "Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlıq üzrə fəaliyyət Planı"nın ikinci mərhələsi çərçivəsində həyata keçirilir.

Azərbaycan NATO ilə alyansın İraq və Kosovoda sülhməramlı missiyası çərçivəsində əməkdaşlıq edib, hazırda bu kimi əməkdaşlıq Əfqanıstanda davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti