...

Azərbaycanın müxalifət partiyası bir neçə partiya ilə birgə aksiya keçirmək niyyətindədir

Siyasət Materials 6 May 2010 12:09 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyası mayın 21-də Demokratiya Uğrunda İttifaqla birgə aksiya keçirməyə hazırlaşır.

Azərbaycan, Bakı, 06 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın müxalifət partiyası mayın 21-də Demokratiya Uğrunda İttifaqla birgə aksiya keçirməyə hazırlaşır.

"Biz Bakı Şəhər İcra Hakimiyyətinə aksiyanın keçirilməsi üçün müraciəti də ittifaqda təmsil olunan partiyalarla birgə edəcəyik", - cümə axşamı Trend-ə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.

Hacılının sözlərinə görə, aksiyanın keçirilməsi yerləri ilə bağlı konkret qərar verilməyib: "Məsləhətləşmələr gedir və yaxın müddətdə aksiyanın keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyik", - partiya funksioneri əlavə edib.

Onun fikrincə, tələbləri yenə azad, demokratik, şəffaf seçki keçirilməsi və sərbəst toplaşma azadlığı üçün zəruri şəraitin yaradılması olacaq.

Parlament seçkilərinə hazırlığa gəldikdə, aparat rəhbəri deyib ki, indiyə qədər yüzdəm artıq partiya üzvü namizədliklərinin irəli sürülməsi niyyətində olduğunu açıqlayıb: "İndi partiyanın müvafiq strukturlarında həmin siyahı ətrafında məsləhətləşmələr aparılır. Ayın sonuna qədər bu istiqamətdə konkret qərar qəbul etməyimiz mümkün olacaq", - Hacılı vurğulayıb.

Mərkəzi İcra Aparatının rəhbəri Parlament seçkilərində bütün dairələrdən namizəd irəli sürmək niyyətlərinin olduğunu da etiraf edib: "Amma başlıca istəyimiz hər bir dairədən daha şanslı partiya üzvünün namizədliyinin irəli sürülməsidir. İndi bu istiqamətdə partiyamız Demokratiya Uğrunda İttifaqla da məsləhətləşmələr aparır. Biz, hətta heç bir partiyanın üzvü olmayan tanınmış adamların da namizədliyini dəstəkləmək haqda düşünürük", - Hacılı xatırladıb.

Müsavat Partiyasının aprelin 14-də Bakı Şəhər İcra Hakimiyyəti qarşısında icazəsiz aksiya keçirmək cəhdinin qarşısı alınıb.

Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. Partiyanın (bərpa) qurultayı 1992-ci il noyabrın 7-də Bakıda - "Respublika" sarayında keçirilib. Gizli səsvermənin yekunları əsasında İsa Qəmbər əksər səslə başqan seçilib.

Qəmbər Аzərbаycan Pаrlаmеntinin еks-spikеri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş  seçkilərdə prezidentliyə namizəd olub. Pаrtiyа Parlamentdə dörd deputatla  təmsil olunur.

Xəbər lenti

Xəbər lenti