...

İordaniya Kralı II Abdullah Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin elektron hesablayıcı maşınlar zavodunda olub

Siyasət Materials 16 May 2010 16:43 (UTC +04:00)
Azərbaycanda rəsmi səfərdə olan İordaniya Kralı II Abdullah mayın 16-da Müdafiə Sənayesi Nazirliyinin elektron hesablayıcı maşınlar zavodunda olmuşdur. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.
İordaniya Kralı II Abdullah Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin elektron hesablayıcı maşınlar zavodunda olub

Azərbaycanda rəsmi səfərdə olan İordaniya Kralı II Abdullah mayın 16-da Müdafiə Sənayesi Nazirliyinin elektron hesablayıcı maşınlar zavodunda olmuşdur. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.
Ali qonağı qarşılayan müdafiə sənayesi naziri Yavər Camalov Kral II Abdullahı zavodun fəaliyyəti ilə tanış etdi.
İordaniya Kralına əvvəlcə zavodun fəaliyyətini və burada istehsal olunan məhsulları əks etdirən videoçarx göstərildi. Məlumat verildi ki, zavodda istehsal olunan silah-sursat və hərbi texnika dünya standartlarına tam cavab verdiyi üçün son illər müəssisə öz məhsullarını beynəlxalq sərgilərdə də uğurla nümayiş etdirir.
Daha sonra Kral II Abdullah nazirliyin müxtəlif müəssisələri tərəfindən istehsal olunan məhsulların sərgisinə baxdı. Ali qonağa məlumat verildi ki, Azərbaycanda dünyada bənzəri olmayan snayper tüfəngi istehsal edilir. "İstiqlal" adlanan və döyüş tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulan bu snayper tüfəngi düşmənin 2 min 500 metr məsafədə yerləşən müxtəlif növ hədəflərini, mühəndis maneələrini, zirehli texnikasını məhv etməyə qadirdir.
Zavodda istehsal olunan və beynəlxalq standartlara tam cavab verən müdafiə təyinatlı məhsulların bir qisminə - iriçaplı snayper tüfənglərinə , "Zəfər" və "Zəfər K" adlı tapançalara, ikili təyinatlı minaatanlara, müxtəlif növ zirehli texnikaya baxış keçirildi.
Zavodun sex və sahələrində istehsal prosesi, döyüş əməliyyatlarının aparılması üçün nəzərdə tutulmuş müxtəlif növ zirehli texnikanın iş prinsipləri ilə tanışlıq da Kral II Abdullahda böyük maraq doğurdu. İordaniya Kralı zirehli maşınların istehsalı sexində müxtəlif növ texnikaya baxdı.
Ali qonağa burada istehsal olunan "Motodor" maşınının texniki göstəriciləri barədə məlumat verildi. Cənubi Afrika Respublikasının "Paramaunt qrup" şirkəti ilə müqaviləyə əsasən zavodda yığılan bu maşınlar dünya standartlarına cavab verir. Azərbaycan MDB məkanında bu zirehli texnikanı istehsal edən yeganə ölkədir. Məlumat verildi ki, 14 nəfərlik "Matador"un yükgötürmə qabiliyyəti 4500 kiloqramdır. Uzunluğu 6,57 metr, eni 2,47 metr olan "Matador" mailliyi 60 dərəcə olan yoxuşu asanlıqla qalxa bilir.
Kral II Abdullah elektron hesablayıcı maşınlar zavodundan zəngin təəssüratlarla ayrıldı.

Xəbər lenti

Xəbər lenti