...

AXCP-nin Müsavat Partiyası ilə seçki bloku yaratmaq qərarından sonra, "Azadlıq" blokunun fəaliyyəti qeyri-mümkündür - partiya sədri Əli Əliyev

Siyasət Materials 13 İyul 2010 14:55 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsinin Müsavat Partiyası ilə seçki bloku yaratmaq qərarından sonra, "Azadlıq" blokunun fəaliyyəti qeyri-mümkündür
AXCP-nin Müsavat Partiyası ilə seçki bloku yaratmaq qərarından sonra, "Azadlıq" blokunun fəaliyyəti qeyri-mümkündür - partiya sədri Əli Əliyev

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Xalq Cəbhəsiinin Müsavat Partiyası ilə seçki bloku yaratmaq qərarından sonra, "Azadlıq" blokunun fəaliyyəti qeyri-mümkündür, - bunu çərşənbə axşamı Trend-ə blokun həmtəsisçisi, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib.

"Azadlıq" siyasi blokunun qalması qeyri-mümkün olacaq. Bizim fevralda belə bir razılaşmamış var ki, Müsavat Partiyası ilə AXCP-nin hər hansı formada müttəfiqliyi baş tutarsa, siyasi bloku saxlaya bilmərik. Münasibətlərə xitam verilməlidir. Bu məsələ yaxın vaxtlarda həllini tapacaq və bu formada müttəfiqlik münasibətləri qala bilməz", - Əliyev deyib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) rəyasət heyəti Parlament seçkilərində əməkdaşlıq etmək üçün Müsavat Partiyası ilə danışıqlar aparmaq barədə qərar qəbul edib.

"Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

VİP sədri blokun parçalanmasının onlar üçün yeni bir məsələ olmadığını deyib.

"Parçalanma bizim üçün yenilik deyil. Yeni idi o baxımdan ki, bizdə bu barədə məlumat yox idi. Hadisələrin təfərrüatları ondan ibarət idi ki, ilin əvvəllərində Müsavat Partiyası ilə əməkdaşlıq məsələsi müzakirə edilmişdi. Müttəfiqlərimizdən AXCP sədri bu partiya ilə bütün formalarda əməkdaşlığın tərəfdarı idi. Biz iki partiya bu məsələnin mümkün olmadığını bildirmişdik. Milli Birlik Hərəkatının lideri Lalə-Şövkət bu proseslərə mane olmamaq üçün mətbuata açıqlama verilməməsi barədə veto qoydu. Daxili razılaşma əsasında Azərbaycana fayda verəcək ittifaqın qorunması üçün, AXCP-yə Müsavatla danışıqlar aparılması mandatı verdik", - Əliyev əlavə edib.

Onun sözlərinə görə, bu mandat əsasında bir neçə dəfə görüşlər olub.

"Bizi, "Azadlıq" bloku olaraq, o görüşlərdə AXCP sədri Əli Kərimli təmsil edib və bu görüşlər "Azadlıq" - "Müsavat" formatında "Azadlıq" - "Müsavat" - Demokrat Partiyası - Demokratiya Uğrunda İttifaq formatında və digər formatlarda həyata keçirilib. Bu gün yayılan məlumatdan aydın olur ki, AXCP Müsavat Partiyası ilə bağlı qərar qəbul edib və bu partiya ilə seçki bloku yaradılması barədə qənaətlərini bildirib. Bu xəbər yeni olsa da, gözlənilməz deyildi. Ehtimal olunurdu ki, bu partiyaların hansısa formada birliyi yaranacaq. Mən hesab edirəm, bu cür məsələnin həyata keçirilməsi etik baxımdan düzgün deyildi", - partiya sədri qeyd edib.

Əliyev blokun Müsavat Partiyası ilə əməkdaşlıq etməsinin heç cür mümkün olmadığını deyib.

"Biz ancaq onlara uğurlar arzulayırıq. Ancaq bu davranış etik baxımdan düzgün deyil. Hər bir partiyanın sərbəst qərar qəbuletmə hüquqları var. Ancaq hansısa siyasi qərarlar düşmənçilik formasında nəticələnməməlidir. Yollar ayrılırsa, hörmətlə ayırmaq lazımdır. Bizim tərəfimizdən belə olacaq", - Əliyev bildirib.

VİP sədri gələcəkdə Milli Birlik Hərəkatı və ALP ilə əməkdaşlığını davam etdirəcəyini bildirib.

"Seçki blokumuz ilə bağlı qərarımız cəmiyyətə açıqlanacaq. Bizim seçki ilə bağlı böyük iddialarımız var. Bu iddiaları təmin etmək üçün yeni format təsis ediləcək və əvvəldən onu demək olar ki, mübarizəmiz müxalifətə qarşı olmayacaq", - Əliyev söyləyib.

Xəbər lenti

Xəbər lenti